Vüsal İsgəndərli: "İlk hədəfim milli komandadır" - Müsahibə
03.10.2024 - 15:06
Vüsal İsgəndərli: "İlk hədəfim milli komandadır" - Müsahibə

Türkiyənin Birinci Liqasında yarışan "Boluspor"un futbolçusu Vüsal İsgəndərli apasport.az saytına müsahibə verib. 

- "Boluspor" hazırda 14-cü pillədədir. Durumunuzu necə dəyərləndirirsən?
- Durumu indidən dəyərləndirmək doğru olmazdı. Çünki mövsüm hələ yeni başlayıb. Komandalar arasında xal fərqi çox deyil, rəqiblər bir-birinə çox yaxındır. İstər yuxarı, istərsə də, aşağı pillələrin xal fərqi 4-5 oyundan sonra bəlli olacaq. Yəni komandalar bəlkə onda bir-birindən uzaqlaşa bilər. Ancaq indiki məqamda hamı bir-birinə çox yaxındır.

- Öz performansın haqda nə düşünürsən? Sanki əvvəl daha çox oynayırdın. İndiki vəziyyətini nə ilə əlaqələndirirsən?
- Mövsüm yeni başlayanda daha çox oynayırdım. Ancaq sonradan təəssüf ki, zədələndim. Elə zədəyə görə iki oyunu buraxmalı oldum. İndi isə yaxşıyam, müalicə olunmuşam, məşqlərə çıxıram. İnanıram ki, indi daha çox şans qazanacam. "Boluspor"a meydanda daha çox xeyir verəcəm.

- Belə gedişat olarsa, "Boluspor"da ayrılmaq barədə düşünəcəksən, yoxsa minimum yaya kimi komandada qalacaqsan?
- Ən azından qışa qədər komandadayam. Sonra nələr olacağını görəcəyik. Yayda mənə bir çox klublardan təklif var idi. Amma mən "Boluspor"da qaldım. İndi də bütün fikrimi "Boluspor"a yönəltmişəm. Bu komandaya xeyir verməyi düşünürəm.

- Yayda bir neçə təklifin var idi, "Eqnatiya"dan, "Partizani"dən. Ayrılmadığına görə peşman deyilsənki?
- Mən tez-tez komanda dəyişməyi sevmirəm. Elə onda da təkliflər olanda, tez-tez komanda dəyişməmək üçün qaldım. Dediyim kimi, ən azından qışa qədər "Boluspor"da qalacam. Daha sonra isə nələr olacağını görəcəyik. 

- Qışda komandadan ayrılmaq, Azərbaycana qayıtmaq haqda düşünəcəksən? Yoxsa, bu barədə heç düşünmürsən?
- İndidən bir söz demək çətindir. Çünki hələ qış fasiləsinə zamanımız var. İnanıram ki, daha yaxşı olacaq. Mən məşqlərdə özümü yaxşı göstərib, oyunlarda meydana çıxmağa fokuslanmışam. "Boluspor"da yaxşı kollektivimiz var. 

- "Boluspor"da oynamadıqca Azərbaycan millisinə dəvət olunmağın da yəqin ki, çətin olacaq? Bu haqda düşünmüsən yəqin ki? Səncə, bu ay sənə millidən dəvət gələcək?
- Əlbəttə ki, bunu özüm də düşünürəm. Hər futbolçunun ilk hədəfi milli komandadır. Mənim üçün də belədir. Azərbaycan milli komandasına dəvət olunmaq üçün əlimdən gələni edirəm. Millidə daha çox şans qazanmaq, daimi oynamaq niyyətindəyəm. Zaman hər şeyi göstərəcək.

- Türkiyə Super Liqa və Birinci Liqada azərbaycanlı futbolçular yerli statusu ilə oynayırdı. Amma bu güzəşt yığışdırıldı və indi Türkiyə klubları heç də futbolçularımıza maraq göstərmir. Bu haqda fikrin necədir? Türkiyə klubları bizimkilərə legioner kimi niyə üstünlük vermir?
- Mən "Keçiörengücü"nə transfer olanda, orada legioner statusu ilə oynaırdım. Amma Türkiyə klublarında hər zaman xarici oyunçu daha çox tələb olunur. Türkiyədəki yeni qanuna görə, indiki halda xarici oyunçu sayı azalıb. Ona görə də bu cür çətinlik var.

0