Zaur Həşimov: “Qarabağ”ı hesabdan silmək olmaz” - MÜSAHİBƏ
06.10.2024 - 16:52
Zaur Həşimov: “Qarabağ”ı hesabdan silmək olmaz”  - MÜSAHİBƏ

"Qarabağ"ın veteran futbolçusu Zaur Həşimov apasport.az saytına müsahibə verib. 

- "Qarabağ" "Malmö" ilə bacarmadı və rəqibinə uduzdu. Sənin üçün gözlənilməz nəticə idi?
- Bəli, "Qarabağ"ın məğlubiyyəti mənim üçün gözlənilməz oldu. Çünki " Qarabağ"ın bu görüşdən ən azından bir xalla ayrılacağını düşünürdüm. Çox təəssüflər olsun ki, uduzduq. Halbuki daha yaxşı nəticə də qazana bilərdik. 

- "Qarabağ"ın son 4 avrokubok matçındakı uğursuz nəticəsini nə ilə əlaqələndirirsən? "Dinamo"ya iki oyunda, "Tottenhem"ə və bu dəfə də "Malmö"yə məğlubiyyət. Sanki nəsə getmir, yoxsa sadəcə şanssızlıqlar?
- "Dinamo" ilə hər iki oyunda nəticəyə baxmayaraq, "Qarabağ" yaxşı oynadı. "Tottenhem"lə görüşü də statusuna görə " Qarabağ"ı qınamaq olmaz. Evdə "Malmö" ilə oyun üç xal üçün yaxşı şans idi. Əfsuslar olsun ki, bu şansı əldən verdik. 

- "Qarabağ"ın "Malmö" qarşısında bu qədər əziyyət çəkməsi, epizodlara az girməsi, girdikləri epizodlardan yararlana bilməmələri nə ilə bağlıdır?
- Oyundan öncə də o fikirdəydim ki, "Malmö" hörmətə layiq, öz dəst-xətti olan komandadır. Onlar "Qarabağ"ı detallı şəkildə analiz etmişdilər. Oyun ərzində demək olar ki, səhvsiz oynadılar. Bunun da nəticəsində üç xalı öz aktivlərinə yazdılar. 

- Səncə, "Qarabağ" rəqiblər arasında daha uyğun "Malmö"yə qalib gələ bilmədisə, digər rəqiblərlə görüşdə nəyə ümid edə bilərik?
- "Qarabağ" təcrübəli komandadır. Onu əvvəlcədən hesabdan silmək olmaz. Gələcək matçlarda "Qarabağ"ın qələbə qazanacağına inanıram. Çünki onların buna gücü çatar. 

- "Qarabağ"ın özünə gəlməsi üçün nə etmək lazımdır səncə? "Qarabağ"ın geridönüşü səncə gec çəkməyəcək?
- Futbolda zaman-zaman komandanın işlərinin planla getməməsinin şahidi oluruq. Bu gün hər hansı bir faciə yaşanmayıb. "Qarabağ"a Avroliqada qələbə lazımdı ki, işlər qaydasına düşsün. Bu, çox inandırıcıdır.

- "Qarabağ"ın qapıçıları nə Mateuş Koxalski, nə də Fabyan Buntiç inamlı təsir bağışlayır. Səncə, "Qarabağ"da yenidən qapıçı problemi hökm sürür?
- Hər ikisi Avropa məktəbi keçmiş qapıçılardır. Oynadıqları liqalar da, Avropanın orta səviyyəli çempionları olub. Bəlkə də, onlar "Qarabağ"ın statusunun təzyiqini hələ qaldıra bilmirlər. Bir müddət sonra tam özlərini sübut edəcəklər.

0