Vitali Rəhimov və Şalva Qadabadze Avropa çempionatına yollanacaq heyətdən kənarlaşdırılıb
28.03.2008 - 11:48
Bu barədə “APA-Sport” agentliyinə Azərbaycan Güləş Federasiyasının rəsmisi Mətləb Abdullayev məlumat verib. Onun sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda ölkəmiz 7 mümkün çəkidən 6-da təmsil olunacaq. Belə ki, 84 kq çəkidə heç kim çıxış etməyəcək. M. Abdullayev bildirib ki, bu çəkidə nə gürcüstanlı legioner Şalva Qadabadze, nə də Elvin Mürsəliyev layiqli nəticə göstərməyə qadirdir. Ona görə də baş məşqçi Elçin Cəfərov hər iki pəhləvanın xidmətindən 9-11 mayda İtaliyanın paytaxtı Romada və 23-25 mayda Serbiyanın Novi Sad şəhərində keçiriləcək son lisenziya turnirlərində yararlanmaq qərarına gəlib. Bundan başqa 60 kq çəkidə əvvəllər Avropa çempionu adını qazanmış Vitali Rəhimov da Tampereyə aparılmayacaq. Son məşqlərdən birində zədə aldığı üçün onu Fuad Əliyev əvəzləyəcək. Artıq Pekinə vəsiqəni təmin etmiş Olimpiya və dünya çempionu Fərid Mansurovun (66 kq) isə yerinə Hüsaməddin Rəcəbova şans veriləcək. Qalan 4 çəkidə isə dəyişiklik baş verməyib. Yəni, qitə birinciliyində Rövşən Bayramov (55 kq), İlqar Abdulov (74 kq), Denis Mişin (96 kq) və Anton Botev (120 kq) qüvvələrini sınayacaqlar. Yığmamız Tampereyə aprelin 3-də gedəcək. Yunan-Roma güləşçilərinin mübarizəsinə aprelin 5-də start veriləcək. Həmin gün R. Bayramov, H. Rəcəbov və A. Botev döşək üzərinə çıxacaqlar. Ertəsi gün isə F. Əliyev, İ. Abdulov və D. Mişin qüvvələrini sınayacaqlar. Qeyd edək ki, Pekin Olimpiadasına hər çəki dərəcəsindən bir idmançı lisenziya qazanacaq.
- İlham Əliyev: "Azərbaycan gələn il MDB Oyunlarına ev sahibliyi edəcək"
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
0
0