Azərbaycan damaçıları dünya çempionatında uğursuzluğa düçar olublar
                    
                    23.04.2008 - 09:45
                        
                    
                        
                        Bakı. Aqşin Əliyev - APA-Sport. Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilən dama üzrə dünya çempionatına yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, yarışda Azərbaycanın şərəfini Elşən Zeynalov və Məhəmməd Mehdiyev qoruyub. İki mərhələdən ibarət turnirdə həmyerlilərimiz medalsız qalıblar. Birinci mərhələdə 7 xal toplayan E.Zeynalov 9-cu olub. M.Mehdiyev isə bundan bir xal az yığdığı üçün 11-ci sırada qərarlaşıb. Reqlamentə əsasən, damaçılarımız ikinci mərhələdə 9-12-ci yerlər uğrunda mübarizə aparıblar. Püşk iki təmsilçimizi E.Zeynalovla M.Mehdiyevi üz-üzə gətirib. İki oyunun cəmində 1:1 hesabı qeydə alınsa da, aktivində daha çox xal olan E.Zeynalov qalib elan olunub. Daha sonra o, 9-cu yer uğrunda latviyalı Martins Yankareslə qarşılaşıb və bu oyunlar da heç-heçə başa çatıb. Amma M.Yankaresin ilkin mərhələdə damaçımızdan 1 xal çox toplaması onun ümumi hesabda qələbə qazanmasına imkan verib. M.Mehdiyev isə Ənvər Amonovu (Özbəkistan) üstələyib. Yekunda E.Zeynalov 16 nəfər arasında 10-cu, M.Mehdiyev isə 11-ci pilləyə sahib çıxıb.
                        
                    
                    
                                
                                0
                                
                                0
                            
                            
                            
                         
             
                     
                     
                                             
                                             
                                            