Azərbaycan milli komandasına yeni idmançı dəvət edilir
24.04.2008 - 12:58
Azərbaycan milli komandasına yeni idmançı dəvət edilir
Bakı. Elşən Məmmədov-APA-Sport. Suyatullanma növündə Azərbaycan yığmasının heyətinə yeni idmançı cəlb olunacaq. Bu haqda “APA-Sport” agentliyinə millimizin baş məşqçisi Bəxtiyar Ağaxanov məlumat verib. Onun sözlərinə görə, Rusiyanın paytaxtı Moskvada məşq edən həmyerlimiz, 15 yaşlı Fərid Qurbanov ölkəmizin şərəfini qorumağa razılıq verib. B.Ağaxanov bildirib ki, 2008-ci il Pekin Yay Olimpiadasına lisenziya qazana bilməyən digər idmançımız Orxan Əhmədov hazırda ali məktəbə imtahan verməyə hazırlaşdığından hazırlıq prosesinə qatıla bilmir. O.Əhmədovun Pekin Olimpiadasına lisenziya xarakterli son yarışda uğursuz çıxışından sonra suyatullanma növündə qeyri-müəyyən vəziyyətin yarandığını deyən baş məşqçi 25 – 29 iyunda Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa birinciliyində təmsil olunmaq istədiklərini açıqlayıb: “Fərid hazırda Moskvadakı klublardan birində məşq edir. Hələ yaşı az olduğundan, 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına qatıla, daha sonra 2012-ci il London Olimpiadasına vəsiqə uğrunda mübarizə apara bilər. Gənclər və İdman Nazirliyinin razılığını alsaq, Qurbanov tezliklə yığmamıza cəlb edəcəyik”.
0