Baş məşqçisiz qalan “Atasport” klubu sabah avrokuboklarda ilk oyununa çıxacaq
08.05.2008 - 13:20
Bakı. Aqşin Əliyev-APA-Sport. Sabah Almaniyanın Köln şəhərində qadınlar arasında otüstü hokkey üzrə Avropa Klub Çempionları Kuboku başlanacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu yarışda Azərbaycanı “Atasport” təmsil edəcək. Otüstü hokkeyçilərimiz ilk turda Rusiyanın “Volqa Telekom” klubunu sınağa çəkəcəklər. Ancaq ötən turnirlərdən fərqli, “Atasport” rusiyalılarla görüşə baş məşqçisiz çıxacaq. Buna pakistanlı baş məşqçi Tahir Zamanın viza problemi ucbatından Almaniyaya yollana bilməməsi səbəb olub. Onun həmyerlisi Zahid Əli də viza ala bilmədiyi üçün səfərə çıxmayıb. Belə olan halda, Azərbaycan Otüstü Hokkey Federasiyasının rəhbərliyi komandanı hollandiyalı Herald Hyubenə tapşırıb. O, apreldə Bakıda keçirilmiş lisenziya xarakterli beynəlxalq turnirdə yığmamıza da məşqçilik edib. H.Hyubenin rəhbərliyi altında “Atasport”, həmçinin mayın 10-da “Siaulay” (Litva), ertəsi gün isə “Hertogenboş”a (Hollandiya) qarşı mübarizə aparacaq. Komandamız turnirin qalibi olmaq üçün ilk növbədə qrup mərhələsini birinci pillədə başa vurmalıdır. Mayın 12-də yekunlaşacaq yarışın reqlamentinə əsasən, ən zəif nəticə göstərən iki kollektiv Avropa Klub Çempionları Kubokunda yerini itirəcək.
- Əhməddin Rəcəblinin 80 illik yubileyi qeyd olunub
- Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Yığma komandalarımız Gədəbəydə təlim-məşq toplanışında iştirak edəcək - FOTO
- Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
- Beynəlxalq Padel Kuboku start götürüb - FOTO
0
0