Fazil Məmmədov: “Növbəti illərdə “Qızıl Qran-Pri” turnirinə qatılacaq ölkələrin sayı minimum iki dəfə artacaq”
28.06.2008 - 10:58
- “Qızıl Qran-Pri” turnirinin final mərhələsinin Bakıda təşkili nə dərəcədə əhəmiyyətə malikdir?
- Bu yarış Azərbaycanda 25 ölkənin iştirakı ilə start götürüb. Rusiya, İran kimi ölkələrdən çox güclü pəhləvanlar ölkəmizə gəliblər. Turniri güləşçilərimiz üçün 2008-ci il Pekin Yay Olimpiya Oyunları öncəsi çox böyük məşq hesab edirik. Ən vacib məqam isə FİLA prezidenti Rafael Martinettinin elan etdiyi kimi, hər il Bakıda ümummilli lideri Heydər Əliyevin xatirəsinə “Qızıl Qran-Pri” turniri keçiriləcək. Bu isə ölkəmizdə idmana olan diqqətin bariz nümunəsi və məntiqi nəticəsidir.
- Bir neçə ölkə Pekin Olimpiadası öncəsi təlim-məşq toplantılarında iştirak etdiklərini səbəb göstərərək, yarışda əsas heyətlə təmsil olunmurlar. Bunu nəzərə alaraq, gələcəkdə turniri daha münasib vaxtda keçirməyi düşünmürsünüz?
- Burada qeyri-adi bir şey yoxdur. Hazırda Olimpiadaya hazırlıq dövrüdür. Kimisi öz ölkəsində, kimisi də müxtəlif ölkələrdə təlim-məşq toplantıları keçir. İştirakçı ölkələr “Qızıl Qran-Pri”nin şərtləri daxilində yarışda təmsil olunurlar. Mən buna normal baxıram. Fikrimcə, Olimpiadanın keçirilməyəcəyi illərdə burada iştirak edən dövlətlərin sayı indikindən minimum iki dəfə çox olacaq.
- Güləşçilərimiz əvvəlki iki Yay Olimpiya Oyunlarından qızıl medalla qayıdıblar. Bu dəfə Pekin Olimpiadasına yollanacaq güləşçilərin sayı əvvəlkilərlə müqayisədə çoxalıb. Bəs kəmiyyət artımını keyfiyyət artımına çevirmək mümkün olacaqmı?
- İnşallah! Buna ümidvarıq. Bizim yaxşı idmançılarımız var. Onların arasında əvvəlki Olimpiadalarda özlərini təsdiqləyənlər də, yeniləri də mövcuddur. Medalların sayının daha çox olması üçün tam potensiala malikik.
- Konkret proqnoz verə bilərsiniz?
- Xeyr! Amma ümid edirəm ki, hər şey çox yaxşı olacaq.
- Yenə Olimpiya çempionumuzun olacağını söyləyə bilərsinizmi?
- Hər halda, biz bunu çox arzulayırıq.
- Bütün çəkilərdə Pekin Olimpiadasına yollanacaq güləşçilərimiz müəyyənləşsə də, yalnız sərbəst güləş üzrə 55 kq çəki dərəcəsində ölkəmizi kimin təmsil edəcəyinə aydınlıq gəlməyib. Sizcə, Yay Olimpiya Oyunlarına kim yollanmalıdır: 2000-ci il Olimpiadasının qalibi Namiq Abdullayev, yoxsa Pekinə lisenziyanı qazanan Namiq Sevdimov?
- Mən burada problem görmürəm. “Qızıl Qran-Pri” turnirinin final mərhələsində sərbəst güləşçilərin mübarizəsi iyunun 29-da olacaq. 55 kq çəkidə mübarizə aparacaq idmançılarımızın çıxışlarını izlədikdən sonra müzakirə aparacağıq. Qoy güləşsinlər, baxarıq.
- Pekin Olimpiadası öncəsi Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının konqresi keçiriləcək. Qurumun rəhbər orqanlarında ölkəmizin nümayəndələrinin təmsil olunacağı gözlənilirmi?
- Ola bilər. Konkret, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının İcraiyyə Komitəsində təmsil olunmağımız mümkündür. Hər halda Azərbaycan Güləş Federasiyasından kiminsə ali qurumda təmsil olunmasına çalışacağıq.
- Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının da Pekin Olimpiadasında çıxış etmək üçün şansları qalır. Amma Beynəlxalq Hokkey Federasiyası oyunçularından ikisinin orqanizmindən istifadəsi qadağan olunmuş dərman preparatı tapılmasına baxmayaraq, İspaniya milli komandasından lisenziyanı almağa tələsmir…
- Mən bu məsələyə dair heç bir şərh verə bilmərəm. Çünki bu, birbaşa Beynəlxalq Hokkey Federasiyası ilə Ümumdünya Antidopinq Agentliyinin səlahiyyətlərinə daxildir. Hesab edirəm ki, belə məsələlərin həlli Olimpiya xartiyası və Beynəlxalq Hokkey Federasiyasının əsasnamələrinə uyğun həyata keçiriləcək.
- Hər halda, yəqin ki, məsələnin ədalətli həllində maraqlısınız …
- Əlbəttə, maraqlıyıq. Əgər ispaniyalı hokkeyçilərin orqanizmində istifadəsi qadağan olunmuş dərman preparatı aşkarlanıbsa, əlbəttə, biz məsələnin ədalətli həllində maraqlıyıq. Beynəlxalq Hokkey Federasiyasının əsasnaməsi var. Hansı qərar qəbul etməli olduqlarını özləri müəyyənləşdirməlidir.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0