Elçin Cəfərov: “Fərid Mansurovun ardıcıl ikinci dəfə macarıstanlı pəhləvana uduzması artıq bizim üçün bir siqnaldır”
28.06.2008 - 11:55
Elçin Cəfərov: “Fərid Mansurovun ardıcıl ikinci dəfə macarıstanlı pəhləvana uduzması artıq bizim üçün bir siqnaldır”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi Elçin Cəfərov deyib. Bakıda keçirilən “Qızıl Qran-Pri” turnirinin final mərhələsində yunan-Roma güləşçilərimizin çıxışlarını dəyərləndirən E.Cəfərovun sözlərinə görə, Olimpiya və dünya çempionu Fərid Mansurov ardıcıl ikinci dəfə macarıstanlı pəhləvan Tamaş Lorinsə məğlubiyyətindən nəticə çıxarmalıdır: “Mansurovla Lorins indiyədək bir neçə dəfə qarşılaşıblar. Fərid Lorinsə uduzduğu kimi, onu iki dəfə məğlubiyyətə uğradıb. Amma son iki yarışda Mansurovun macarıstanlı pəhləvana məğlubiyyəti artıq bizim üçün bir siqnaldır”. Baş məşqçi bildirib ki, F.Mansurovun T.Lorinsə məğlubiyyətində hakimlərin də rolu olub. Onun fikrincə, hakimlər macarıstanlı pəhləvana ikinci hissədə heç nədən iki xal verərək, onun ümumi nəticədə hesabı bərabərləşdirməsinə şərait yaradıblar. Həlledici hissədə isə püşk güləşçimizin xeyrinə olmayıb, rəqibi isə fürsətdən layiqincə yararlanaraq, qələbə qazanıb: “Belə yarışlarda itirilən xalları qaytarmaq çox çətindir. Tamaş Lorins adi idmançı deyil. Avropa çempionudur, mötəbər turnirlərin qalib və mükafatçısıdır”. Baş məşqçi 60 kq çəkidə Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Vitali Rəhimovun finalda daha az təcrübəyə malik Fuad Alıyevə məğlubiyyətini də şərh edib. Onun sözlərinə görə, V.Rəhimovla F.Alıyev indiyədək dəfələrlə qarşılaşdığından, bir-birilərinə tam bələddirlər: “Onlar artıq on ildir ki, birgə güləşirlər. Birgə məşq edirlər, birgə çalışırlar. Hesab edirəm ki, Fuad Alıyev Vitali Rəhimova püşk nəticəsində qalib gəldi. Püşk əksinə alınsaydı, Rəhimov qələbə qazanacaqdı”. Bununla belə, E.Cəfərov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına aparacağı heyətdə V.Rəhimovu F.Alıyevlə dəyişmək fikrində olmadığını bildirib. O, “Qızıl Qran-Pri” turnirində idmançılarımızın çıxışlarından asılı olmayaraq, lisenziya qazanmış bütün 6 güləşçimizi Pekin Olimpiadasına aparacağını vurğulayıb: “Uduzmasına baxmayaraq, Vitali Rəhimov Fuad Alıyevdən daha hazırlıqlıdır. Ümumiyyətlə, bu yarışda qeydə alınacaq nəticələr seçimimdə heç bir dəyişikliyə səbəb olmayacaq. Pekin Olimpiadasına lisenziyanı qazanmış idmançılar yollanacaqlar”. Yunan-Roma güləşi üzrə yığmamız “Qızıl Qran-Pri” turnirinin final mərhələsində 4 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq, 19 ölkə arasında I yeri tutub. E.Cəfərov isə bildirib ki, turnirdə heç bir yetirməsinin qarşısına medal qazanmağı əsas məqsəd kimi qoymayıb. O, Olimpiadaya lisenziya qazanmış idmançılarımızın hazırkı durumuna nəzər salmaq istəyi ilə mübarizəyə qatıldıqlarını söyləyib: “Turnir öncəsi bir ay ərzində ümumi fiziki və texniki-taktiki hazırlıq üzrə təlim-məşq toplantıları keçirmişdik. İndi güləşçilərimizin nəyə qadir olduqlarını nəzərdən keçirmək istəyirdik. Pəhləvanlarımız da özlərini həm müsbət, həm də mənfi tərəfdən göstərdilər. Təbii ki, həm qalib, həm də məğlub idmançılarımızın səhvləri var. Nəticələrdən razıyam, amma narazı qaldığım məqamlar da var. Əsas narazılığım Fərid Mansurov və Vitali Rəhimovun məğlubiyyəti ilə əlaqədardır. Bütün bunları bir neçə gün sonra keçiriləcək toplantımızda müzakirə edəcəyik. Çalışacağıq ki, üzə çıxan nöqsanlarımızı Olimpiadayadək aradan qaldıraq”. Baş məşqçi yetirmələri arasında “ulduz xəstəliyi”nə yoluxma hallarının olmadığını vurğulayıb. O, bildirib ki, rəhbərlik etdiyi yığmada belə halların baş verməsi qeyri-mümkündür: “Bir nəfər jurnalist, idman ictimaiyyətinin nümayəndəsinin yunan-Roma güləşçilərimizdən kiminsə “ulduz xəstəliyi”nə tutulduğunu, idman rejimi və nizam-intizamı pozduğunu, məşqlərə gəlmədiyini iddia etməsi qeyri-mümkündür. Bizdə belə hallar yoxdur və ola da bilməz”.


0