Luis Araqones: “Oyunumuz alınanda bizimlə heç bir komanda bacarmır”
30.06.2008 - 10:37
Bakı. Mehman Süleymanov – APA-Sport. “Bu gün bütün İspaniya üçün xoşbəxt gündür. Qazandığımız uğur bütövlükdə futbolçulara məxsusdur. Onlar özlərinə inanaraq, turnirin taleyini həll etdilər. Oyunumuz alınanda bizə heç bir komanda müqavimət göstərə bilmir”. “APA-Sport” agentliyinin məlumatına görə, bunu XIII Avropa çempionatında qızıl medala sahib çıxan İspaniya milli komandasının baş məşqçisi Luis Araqones deyib. Finalda Almaniya yığmasını minimal hesabla məğlub edən 69 yaşlı mütəxəssis ispaniyalıların yeni oyun üslubu nümayiş etdirdiklərini bildirib: “Çoxları bu gün yeni oyun üslubunun şahidi oldu. Yəqin ki, kimlərsə bundan yararlanacaq. Ustad futbolçu Fernando Torres hər şeyi bacarır. İnanılmaz sürəti olan hücumçu rəqiblərini bu üstünlüyü hesabına keçir. Mənə elə gəlir ki, Torres dünyanın ən yaxşı futbolçularından biri ola bilər”. İspaniyanın uğurunun sirrini açan L.Araqones bütün komponentlərdə yaxşı oynamağın vacibliyini vurğulayıb: “Biz əsl komanda yaratmağı bacardıq. Sürətli ötürmələrə üstünlük verirdik və belə oynayan komandanın qarşısını almaq çətindir. Uğurumuzun sirri yaxşı müdafiə olunub, qol vurmaq üçün kəsərli hücum qurmağı bacarmağımızdan ibarətdir”. İspaniyalı məşqçi 44 ildən sonra milli komandaya qitə çempionatının qızıl medalını qazandırdığı üçün daxilən sevindiyini söyləyib: “Zahirən görünməsə də, mən çox xöşbəxtəm. Öz borcumu yerinə yetirdiyimi hiss edirəm. Hələ turnirin əvvəlində demişdim ki, bu heyəti düzgün idarə edə bilsək, çempion olacağıq. Həmin vaxt hamı elə bildi ki, mən yetirmələrimi ruhlandırmaq istəyirəm. Ümid edirəm ki, İspaniya belə tempdə davam edib, hələ çox titullara sahib çıxacaq. Qələbəni necə bayram edəcəyəm? Sadəcə, təmtəraqlı mərasimdə futbolçularımı müşayiət edəcəyəm”. L.Araqones məşqçi fəaliyyətini Türkiyənin “Fənərbaxça” klubunda davam etdirib-etdirməyəcəyi ilə bağlı suala konkret cavab verməyib: “Gələcək karyerama gəlincə, yığmadan gedəcəyimi qabaqcadan da demişdim”.
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib
- "Şahdağ"da keçirilən Dünya Kubokuna yekun vurulub
0
0