Vitali Borisov “Dina” klubu ilə yeni müqavilə bağlayacaq
01.07.2008 - 13:02
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın futzal üzrə milli komandasının üzvü Vitali Borisov karyerasını Rusiyanın ən titullu klubu “Dina”da davam etdirəcək. Bu barədə “APA-Sport” agentliyinə Vitali Borisov özü məlumat verib. Rusiya çempionatının 2007/08 mövsümünün ikinci dövrəsində icarə əsasında Moskva təmsilçisində çıxış edən 26 yaşlı futzalçı yaxın günlərdə müqaviləyə imza atacaq: “Artıq ilkin razılığa gəlmişik. İyulun ortalarında Moskvaya yollanacağam və azad agent kimi yeni müqavilə bağlayacağam. Çox güman ki, razılaşmanın müddəti 1 il olacaq. “Dina” rəhbərliyi mənə uzunmüddətli müqavilə təklif etsə də, bunu qəbul etmədim”. Futzalçı karyerasının böyük hissəsini Naxçıvan “Araz”ında keçirən V.Borisov ötən ilin dekabrında “Dina”ya icarəyə verilmişdi. O, Rusiya çempionatında 17 oyuna 6 qol vurub. Ümumiyyətlə, “Dina” Rusiyanın ən köklü klubu hesab olunur. Paytaxt futzalçıları 16 ölkə çempionatının 9-da qızıl medal qazanıblar. Son 6 ildə çempion tituluna həsrət qalan “Dina” 2007/08 mövsümünü 6-cı pillədə başa vurub. V.Borisovun “Dina”nın tamhüquqlu üzvünə çevrildiyi bir vaxtda, bu klubun oyunçusu ölkəmizə təşrif buyurub. Söhbət 28 yaşlı rusiyalı Sergey Sizovdan gedir. “Araz”ın düşərgəsində baxışdan keçən S.Sizovla birillik müqavilə bağlanılıb.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
0
0