Xəzər İsayev: “Olimpiya və dünya çempionlarımızın çıxışından narazı qaldım”
01.07.2008 - 15:42
Xəzər İsayev: “Olimpiya və dünya çempionlarımızın çıxışından narazı qaldım”
Bakı. Elşən Məmmədov – APA-Sport. “Bakıda başa çatan “Qızıl Qran-Pri” turnirinin final mərhələsində sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın nəticələrini normal qiymətləndirirəm. Amma narazı qaldığım bir neçə məqam da oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, MOK-un Azərbaycan Güləş Federasiyası üzərində nəzarətçisi, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayev deyib. Onun sözlərinə görə, turnirin finalında yunan-Roma güləşçilərimizdən Avropa çempionu Vitali Rəhimovun (60 kq) nisbətən aşağı təcrübəyə malik Fuad Alıyevə, Olimpiya və dünya çempionu Fərid Mansurovun (66 kq) isə macarıstanlı pəhləvana uduzması heç kimi qane edə bilməz. X.İsayev sərbəst güləş üzrə Olimpiya çempionu Namiq Abdullayevin (55 kq) həlledici qarşılaşmada Namiq Sevdimova məğlubiyyətinə də toxunub. Onun fikrincə, 38 yaşlı N.Abdullayev özündən 13 yaş kiçik N.Sevdimova püşklə yenildiyindən, buna əsasən qalib pəhləvanın həqiqətən də güclü olduğunu iddia etmək çətindir: “Daha yaşlı olmasına baxmayaraq, Abdullayev fəallıq göstəricilərində Sevdimovdan üstün idi. Amma finaladək Sevdimovun rusiyalı və bolqarıstanlı güləşçiləri mübarizədən kənarlaşdırdığını nəzərə alsaq, onun daha güclü olduğu üzə çıxır. Abdullayevlə kəllə-kəlləyə gəlmək, Olimpiya çempionunu yenmək hər oğulun işi deyil. Hər halda, 55 kq çəkidə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına yollanacaq pəhləvanı müəyyənləşdirərkən, təkcə döşək üzərində qələbə əsas götürülməməlidir. Bu zaman hərtərəfli təhlillər də aparılmalıdır”. MOK rəsmisi daha iki sərbəst güləşçimiz – Novruz Temrezov (84 kq) və Xetaq Qazyumovun (96 kq) turnirə qatılmamasını da yaxşı hal saymayıb. Onun fikrincə, Pekin Olimpiadasına bir ay qalmış iki aparıcı idmançının zədələnməsi və ya xəstələnməsinə yol verilməməlidir.
0