Sabah “Araz” klubunun UEFA kubokundakı rəqibləri müəyyənləşəcək
01.07.2008 - 16:24
Sabah “Araz” klubunun UEFA kubokundakı rəqibləri müəyyənləşəcək
Bakı. Aqşin Əliyev - APA-Sport. Sabah İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA kubokunun ilkin və əsas mərhələlərinin püşkü atılacaq. “APA-Sport” agentliyinin məlumatına görə, püşkatmada Azərbaycanın dördqat çempionu “Araz” klubunun rəqibləri müəyyənləşəcək. Budəfəki yarışda rekord sayda - 45 komanda qüvvəsini sınayacaq. Naxçıvan təmsilçisinin reytinqi yüksək olduğundan mübarizəyə birbaşa əsas mərhələdən qoşulacaq. İlkin mərhələdə 24 klub 6 qrupda yarışacaq. Növbəti tura yalnız qrup qalibləri vəsiqə qazanacaqlar. Püşkatma zamanı “Araz”ın adı birinci səbətdən çıxarılacaq. Ölkə çempionunun iki rəqibi əsas mərhələnin 12 komandası arasından seçiləcək. Daha bir komanda isə ilkin mərhələnin qaliblərindən olacaq. Əsas mərhələdə iştirak hüququna malik “Aktion-21” (Belçika), “Şaxtyor” (Donetsk, Ukrayna), “Benfika” (Portuqaliya), “Çrudim” (Çexiya) və “Luparense” (İtaliya) də birinci səbətdə yer aldığından “Araz”la qarşılaşmayacaqları dəqiqdir. Böyükağa Hacıyevin rəhbərlik etdiyi kollektiv qrup oyunlarını sentyabrda Bakıda keçirəcək. Komandamız elit mərhələyə yüksəlmək üçün qrupda ilk iki yerdən birini tutmalıdır. Bakı vaxtı saat 16:30-da başlanacaq püşkatma mərasimində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov və “Araz”ın prezidenti Ramin Axundov iştirak edəcəklər.
“Araz”ın baş məşqçisi Böyükağa Hacıyev “APA-Sport”a açıqlamasında püşkün nəticəsinə görə ehtiyatlanmadığını bildirib: “Püşkatma bəxtə-bəxt olur. Həyatda belə şeylərdən qorxmuram. Həm də nəzərə almaq lazımdır ki, qitədə “Araz”ı qabaqlayan çox az klub var”.
Qeyd edək ki, UEFA kuboku B.Hacıyevin “Araz”ın baş məşqçisi qismində ilk ciddi sınağı olacaq.
0