Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Lunyov istefaya göndərilib
02.07.2008 - 18:09
Azərbaycan milli komandasının baş məşqçisi Vladimir Lunyov istefaya göndərilib
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Atıcılıq İdmanı Federasiyasının rəhbərliyi güllə atıcılığı üzrə yığmanın baş məşqçisi Vladimir Lunyovu istefaya göndərib. Bununla bağlı federasiyasının çıxardığı qərar bu gün Gənclər və İdman Nazirliyinin kollegial iclasında təsdiqlənib. İstefanın konkret səbəbi göstərilməsə də, Vladimir Lunyov “APA-Sport” agentliyinə açıqlamasında postundan uzaqlaşdırılmasından xəbərsiz olduğunu bildirib: “Gənclər və İdman Nazirliyi məni son yarışlara ezam etməyib. Yəni, müvəqqəti olaraq, yığmadan kənarda qalmışam. Buna baxmayaraq, hələ də milli komandanın baş məşqçisiyəm”. Yığmanın üzvü Nigar Bağırova ilə aralarında problem yarandığını deyən V.Lunyov vurğulayıb ki, hazırda bu məsələ Azərbaycan Atıcılıq İdmanı Federasiyası tərəfindən araşdırılır: “Nigar 2006-cı ildə Rusiyada keçirilən Avropa çempionatının gümüş medalını qazandıqdan sonra tənbəllik etməyə başladı. Onun göstəriciləri tədricən aşağı düşürdü. Ona dedim ki, ya əməkdaşlıq edəcəyik, ya da bizə ayrılan pulları havayı xərcləmək lazım deyil. Hətta idmançını bir neçə dəfə məşqdən qovmuşam. Beləliklə, Nigara məşq keçməkdən imtina etdim. Ardından xalası İradə Aşumova onun məşqçisi oldu. Ancaq İradənin də tapşırıqları yerinə yetirilmədi. Ən sonda Nigarın anası Ruhiyyə isə qarışaraq övladını sıxışdırdığımızı dedi. Bununla əlaqədar Azərbaycan İdman Atıcılıq İdmanı Federasiyasına şikayət məktubu göndərdi. İndi araşdırma aparılır”.
Qeyd edək ki, V.Lunyov 2004-cü il Afina Olimpiadasında bürünc mükafat qazanan İradə Aşumovanın məşqçisi olub.
0