Azərbaycan həndbol yığması dünya çempionatında 5-ci yeri tutub
14.07.2008 - 10:11
Azərbaycan həndbol yığması dünya çempionatında 5-ci yeri tutub
Bakı. Aqşin Əliyev - APA-Sport. İtaliyanın Venetsiya şəhərində keçirilən tələbələr arasında həndbol üzrə XIX dünya çempionatı başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan yığmaları kişilərin və qadınların yarışında müxtəlif nəticələr göstəriblər. Kişilərdən ibarət milli komandamız 16 kollektiv arasında 15-ci olub. Bundan fərqli, xanım həndbolçularımız medallara iddia göstəriblər. Qrup mərhələsində Rusiya (23:26), İtaliya (37:19) və Çinlə (31:25) qarşılaşmalardan 6 xal toplayan yığmamız 1/4 finala yüksəlib. Amma Georgi Voronovun rəhbərlik etdiyi kollektivin yarımfinala gedən yolunu Rumıniya kəsib (26:36). Daha sonra 5-8-ci yerlər uğrunda mübarizəyə qoşulan milli komandamız Çexiyanı 34:26, qrup mərhələsində uduzduğu Rusiyanı isə 31:30 hesabı ilə məğlub edib. Nəticədə qadın həndbolçularımız 5-ci pillədə qərarlaşıblar. Çempionatın yekunlarına əsasən, ayrı-ayrı nominasiyalarda qaliblər müəyyənləşib. Həmyerlimiz Viktoriya Ulyaniç turnirin ən dəqiq penalti yetirən həndbolçusu adına layiq görülüb. O, çempionat boyu 28 penaltidən 21-ni qola çevirərək (81,48 dəqiqlik), bütün rəqiblərini geridə qoyub.
0