“Futbolçular bəzən şaxtaçı və poladəridənləri də üstələyirlər”
15.07.2008 - 10:45
“Futbolçular bəzən şaxtaçı və poladəridənləri də üstələyirlər”
Bakı. Aqşin Əliyev - APA-Sport. “Bakıda “Araz” rəhbərliyi ilə ağır və uzun danışığımız oldu. Onlar məni komandada saxlamaq istəyirdilər. Lakin mən daha səviyyəli çempionatda oynamaq istədiyimi bildirdim. Nəhayət, danışıqlar zamanı məntiq, əsaslı səbəb və dostluq qələbə qazandı”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Azərbaycan futzal yığmasının üzvü Vitali Borisov Rusiyanın “Dina” klubunun rəsmi İnternet saytına müsahibəsində deyib. İki gün öncə Moskva komandasının düşərgəsinə qoşulan 26 yaşlı futzalçı tezliklə yeni müqavilə bağlayacağını vurğulayıb. Həmyerlimiz bildirib ki, Rusiya çempionatının növbəti mövsümündə “Dina”nın uğurlu çıxışı üçün əlindən gələni əsirgəməyəcək. V.Borisov müsahibə zamanı Bakıdakı istirahətindən də danışıb: “İstirahət etmək işləməmək deməkdir. Bu mənada istirahət hər bir normal insan üçün xoş hadisəyə çevrilir. Fikrimcə, futbolçular dünyanın ən zəhmətkeş insanlarıdır. Onlar işə sərf etdikləri enerjiyə görə, bəzən şaxtaçılar və poladəridənləri də üstələyirlər. Mən də məzuniyyətimi necə deyərlər, ciddi istirahət qaydalarına uyğun keçirdim. Bakıda dostlarımla, yaxınlarımla görüşdüm, çimərliyə getdim, meyvə və tərəvəzlərlə qidalandım. Bir şərtlə ki, bütün bunlar mənim fiziki formama və əhval-ruhiyyimə mənfi təsir göstərməsin”. Artıq V.Borisov “Dina”nın heyətində məşqlərə başlayıb. Təcrübəli oyunçu bu komandanın tərkibində iyulun 20-də Serbiyaya 12 günlük təlim-məşq toplanışına yollanacaq.
Qeyd edək ki, V.Borisov transfer hüququ Naxçıvan “Araz”ına məxsus olarkən, son yarım ildə icarə əsasında “Dina”nın şərəfini qoruyub. “Araz”la razılaşmasının müddəti ötən ay başa çatan futzalçı Rusiyanın ən titullu klubu ilə yeni müqavilə bağlamaq qərarına gəlib.
0