“Qalatasaray”ın arzuladığı braziliyalı - FOTO
04.01.2012 - 17:13
“Qalatasaray”ın arzuladığı braziliyalı - FOTO
“Qalatasaray” klubunun heyətində görmək istədiyi daha bir futbolçunun adı açıqlanıb. Apasport.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılar”ın təcrübəli baş məşqçisi Fatih Terim Türkiyə Superliqasında çıxış edən “İstanbul Böyükşəhər Bələdiyyəspor”un braziliyalı sol cinah yarımmüdafiəçisi Dokaya elçi düşüb.

Türkiyəli həmkarımız 28 yaşlı futbolçu üçün “Qalatasaray” rəhbərliyi danışıqlara başladığını iddia edir. Onların yazdıqlarına görə, “aslanlar” Aydın Yılmazla yanaşı, müəyyən məbləğdə pul da ödəməyə hazırdırlar. “Kayserispor”un da heyətində görmək istədiyi Dokanın isə “Qalatasaray”da çıxış etmək arzusunda olduğu bildirilir. Lakin hələ “İstanbul Böyükşəhər Bələdiyyəspor” bu transferin reallaşacağı və ya baş tutmayacağı barədə açıqlama verməyib.

Qeyd edək ki, braziliyalı futbolçu 2011/2012 mövsümünün startında Bolqarıstanın “Liteks” klubundan 1,7 milyon avroya “İstanbul Böyükşəhər Bələdiyyəspor”a transfer olunmuşdu. O, Superliqada çıxış etdiyi 18 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə verib.