Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi və Azərbaycan Güləş Federasiyasının keçmiş vitse-prezidenti Elçin Cəfərovun apasport.az saytına müsahibəsi
- 2010-cu ildən ötən ilin sonuna qədər Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsində çalışmısınız. Hazırda nə işlə məşğulsunuz?
- Güləşdən ayrılmamışam. Hazırda da federasiyada fəaliyyət göstərirəm. Hansı vəzifədə çalışacağıma yəqin ki, bu yaxınlarda aydınlıq gələcək.
- Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında həm sərbəst, həm də yunan-Roma güləşi üzrə Azərbaycan millisi birinci yeri tutdu, gücünə bələd olduğunuz Eldəniz Əzizli (55 kq) qitə birinciliklərində 6-cı medalını (2 qızıl, 4 bürünc), Rafiq Hüseynov (82 kq) isə üçüncü Avropa çempionluğunu qazanmaqla tarixə düşüb. Təəssüratlarınız necədir?
- Çox sevindirici, gözəl nəticələrdir. Mən deyərdim ki, Azərbaycanın yunan-Roma güləşində ən böyük uğurudur. 10 güləşçimizdən 8-i medal qazandı (2 qızıl, 1 gümüş, 5 bürünc). Bu, tarixi nəticədir. Həmçinin sərbəst güləşçilərimiz də 7 medalla (1 qızıl, 4 gümüş, 2 bürünc) komanda hesabında birinci oldular. Qızlarımız da bir gümüş əldə etdilər. U-23 yığması ilə birlikdə güləşçilərimiz son bir ayda ümumilikdə Avropa çempionatından 32 medalla qayıdıb. Bu, qürurverici andır. İdmançılarımızın hazırlığı bu cür davam etdirəcəyinə və qarşıdakı yarışlarda da medallar qazanacağına inanıram. Federasiya da hər zaman güləşçilərin qarşısına ən yüksək nəticələri məqsəd qoyur. Onlar da uğurlu çıxışları ilə etimadı doğruldurlar.
- Özünüz də qeyd etdiniz ki, bu, millimizin ən böyük uğurudur. Bəs keçmişdə bu cür nailiyyətlər qazanmağa güləşçilərimizə nə mane olurdu?
- Keçmişdə heç nə mane olmayıb. İdmançılardan həmişə yüksək nəticələr gözləmişik. İdmanda qalib gəlmək də var, məğlub olmaq da. Hətta bir neçə medalın əyyarını başqa cür düşünürdüm, alınmadı. Ancaq hamısı da qızıl medal alası deyil. Çünki bu cür yarışlarda da güclü rəqabət, qeyri-obyektiv hakimlik olur, bizi istəməyənlər var. Bu, belə gəlib, belə də gedəcək.
- Rafiq Hüseynov instaqram səhifəsindəki paylaşımında yazıb ki, 2000-ci illərdən 2018-ci ilə qədər bir-birindən səriştəsiz və savadsız məşqçilər ucbatından cavanlığının ən yaxşı illərini itirib. Siz də uzun müddət milliyə rəhbərlik etmisiniz. Rafiqin bu sözləri kimə ünvanlanıb?
- Rafiqin kimləri nəzərdə tutduğunu bilmirəm. Hansısa məşqçi ilə idmançı arasında problemlər ola bilər. Yığmada keçid dövrü zamanı məşqçilər korpusunda dəyişikliklər olur. Ancaq idmançının öz məsuliyyətinə nə gəlib? Özü öz işini bilmir? Ola bilər ki, kimsə bir başqasını qəbul eləmir, ondan xoşu gəlmir. Hər bir məşqçinin öz hazırlıq planı, idmançının da bunu qəbul etmə tərzi olur. Təbii ki, millidə etimadı doğrultmayan məşqçilərlə müəyyən müddət sonra yollar ayrılıb. Öz işinin öhdəsindən gələ bilməyən məşqçini rəhbərlik kənarlaşdırır. Bu, bütün federasiyalarda belədir. Təbii ki, məşqçi təyinatı və ya istefası hansısa idmançının istəyi ilə olmur. “Bu məşqçidən xoşum gəlir, digərindən yox”, kimi fikirləri federasiya qəbul eləmir.
- Həmin məşqçilərin çoxu sizin vitse-prezidentliyiniz dönəmində çalışıb. İdmançının bu cür fikir səsləndirməsi nə dərəcədə doğrudur?
- Bunu mən də düzgün qiymətləndirmirəm. Məşqçini idmançı yox, federasiya rəhbərliyi dəvət edir. Qarşısına qoyulan tapşırıqları yerinə yetirmədikdə də onunla yollar ayrılır. Uğurlu nəticə olmadığı zaman bu aqibət istənilən məşqçini gözləyir. Bunun idmançıya heç bir aidiyyəti yoxdur.
- Federasiyanın təyin etdiyi məşqçilərə “savadsız və səriştəsiz” demək həm də qurumun yanlış seçim etdiyinə işarə deyil?
- Mən belə deməzdim. Savadsız və səriştəsiz yox, nəticələrə köklənməyən məşqçilər ola bilər. Onları da federasiya vaxtında yola salıb.
- Onlar kimlərdir?
- Çox məşqçi çalışıb, Gürcüstandan, İrandan, Türkiyədən mütəxəssislər olub. Onların hərəsinin fəaliyyət dönəmində müəyyən nəticələrə imza atıblar. Bütün güləşçilərin hamısı dünya, Avropa çempionu olası deyil ki. Məşqçilərə qarşı da hərənin bir cür yanaşması ola bilər. Bu o demək deyil ki, federasiya ancaq savadsız məşqçiləri gətirib. Savadsız və ya səriştəsiz mütəxəssis bura dəvət olunmayıb.
- Onda son illərdə uğurları sıralayan Rafiq Hüseynovun gənclik illərində olimpiya lisenziyası qazana bilməməsini nə ilə əlaqələndirərdiz?
- O vaxt hansı məşqçi ilə nə problemləri olduğunu bilmirəm. Ancaq bildiyim qədərilə belə hallar olmayıb. Kim yaxşı nəticə qazanıbsa, milliyə layiq olubsa, o da çağırılıb. Başqa cür ola bilməzdi.
Ruslan Sadıqov
- III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkibində dəyişiklik edilib - Sərəncam
- Azərbaycan Karate Federasiyası "Apasport" İdman Agentliyini mükafatlandırıb
- Qılıncoynadanımız Estoniyada bürünc medal qazanıb
- İdmançılarımız İtaliyada keçirilən Dünya Kubokunda iştirak ediblər
- Snoubord yarışı üzrə Heydər Əliyev Kuboku keçirilib