Abbas Hüseynov: "Kişi və idman xarakterin oldusa..."
13.05.2025 - 17:33
Abbas Hüseynov: "Kişi və idman xarakterin oldusa..."

“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov Apasport.az saytına müsahibə verib.

- “Qarabağ” son turda “Araz-Naxçıvan” üzərində qələbə qazanmağı bacardı. Demək olar ki, bu mövsüm “Araz-Naxçıvan”a qarşı oynadığınız ən rahat görüş oldu?
- Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Amma siz vurğuladınız qədər asan oyun olduğunu deməzdim. Heç də elə olmadı. Mübariz oyun getdi. Sona qədər qələbə üçün mübarizə apardıq. Şükürlər olsun ki, qələbə qazandıq.

- “Qarabağ” çempionluğunu rəsmiləşdirib. Maraqlıdır, matçlara hansı motivasiya ilə çıxırsız? Sizi motivasiya edən nədir?
- Bizi motivasiya edən Qurban Qurbanovdur. O, bizi bütün oyunlara yaxşı hazırlayır. Qurban Qurbanov bizə elə tapşırıqlar verir ki, fərqi yoxdur, çempion olaq, ya olmayaq hər oyuna motivasiya ilə çıxırıq və hər görüşü final kimi oynayırıq. Bizə motivasiya verən elə bizim baş məşqçimizdir. Ona görə də matçlara motivasiyada çıxırıq. Şükür Allaha qələbələrimizi də qazanırıq.

- Növbəti matçda rəqibiniz “Kəpəz” olacaq. Gəncə təmsilçisi ilə görüşdə yəqin ki, qələbə üçün oynayacaqsız?
- Bəli, "Kəpəz"lə oyuna hazırlaşırıq. "Kəpəz" doğulduğum şəhərin komandasıdır. Amma bu oyun üçün də 100 faiz gücümüzlə çıxıb, həmin matçda qələbə qazanmaq istəyəcəyik. Çünki biz meydana çıxırıqsa, qələbə üçün oynayırıq.

- Sezonu “qızıl  dubl”la başa vurmaq imkanınız var. Ölkə kubokunun finalında “Sabah”la qarşılşacaqsız. “Qarabağ”ın favorit olduğu iddia edilir. Komanda yəqin həmin görüşü səbirsizliklə gözləyir?
- Bəli, sezonu "qızıl dubl"la başa vurmaq imkanımız var. Təki elə olsun. Ümid edirəm ki, belə də olacaq. Həmin oyunu çox səbirsizliklə gözləyirəm. Çox istəyərdim ki, Qurban Qurbanov həmin matçda mənə şans versin. Həmin görüşü çıxıb oynayıb, komandaya xeyir vermək istəyirəm. Allah qoysa, elə oyun oynayım ki, milliyə də dəvət alım. Doğrudur, ona qədər yəqin millinin heyəti açıqlanacaq. İstənilən halda, final görüşünü elə oynamaq istəyərdim ki, millinin yenə də əsas üzvü kimi matçlara çıxım.

- “Sabah”a qarşı finalda həlledici məqam səncə nə olacaq?
- Yəqin ki, hava isti olacaq. Bizim komandanın xarakteri var. Həmin matçda "mujskoy" xarakter, idman xarakterimizi göstərməliyik. Bu bizim baş məşqçimizin dediyi sözlərdir. Onun dediyi sözlər beynimə həkk olunub. Kişi və idman xarakterin oldusa, qalib gələcəksən. Fikrimcə, mayın 31-də ən vacib olan o məsələ olacaq.   

- “Qarabağ”la qüvvədə olan müqavilən var. Yəqin ki, komandada qalmağı düşünürsən?
- "Qarabağ"la hələ 2 illik müqaviləm var. Keçən il 3 il bağlamışdım. Əlbəttə ki, "Qarabağ"da qalmağı düşünürəm. 8 ildir ki, bu komandanın üzvüyəm. Buna görə xoşbəxtəm. Komanda üçün əlimdən gələni daim etməyə çalışıram.