Adil Şükürov: "Qarabağ"ın qələbəsi play-offa düşəcəyi anlamına gəlmir"
23.01.2025 - 13:08
Adil Şükürov: "Qarabağ"ın qələbəsi play-offa düşəcəyi anlamına gəlmir"

“Bu cür oyunlarda sadə səhvlər matçın son nəticəsinə təsir edir”.

Bunu apasport.az saytına açıqlamasında Adil Şükürov deyib.

Təcrübəli mütəxəssis bu gün UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək “Qarabağ” - FKSB matçı haqqında fikirlərini bölüşüb:

“Bugünkü “Qarabağ” - FKSB matçı təmsilçimiz üçün status oyunu olacaq. “Qarabağ” üçün qələbə önəmli olsa da, çox təəssüf ki, “Qarabağ”ın taleyi digər klubların oyunlarında qeydə alınacaq nəticələrdən asılıdır. Ona görə də, komandamız üçün son iki matç qapını möhkəm çırparaq Avroliqadan getmək kimidir. "Qarabağ” Rumıniya komandasının hücumda məhsuldarlığını nəzərə alaraq daha diqqətli olmalıdır. “Şamaxı” ilə oyunda müdafiənin mərkəzində buraxılan səhvlərdən sonra vurulan qollara baxsaq, düşünmək olar ki, Qurban Qurbanov hələ də müdafiənin mərkəzində hansı oyunçuya üstünlük verəcəyini tam olaraq müəyyənləşdirməyib. Amma buna baxmayaraq, mən “Qarabağ”ın bu gün üstün oynayacağına inanıram.
Juninyo komanda üçün əsasən də avrokuboklarda çox önəmli futbolçu idi. Amma yerli çempionatda “Qarabağ” Juninyosuz da komandalara qarşı yetərincə məhsuldar oyun nümayiş etdirib. Düşünürəm ki, Musa, Nəriman və Addai bu oyunda verilən şansdan lazımınca faydalanacaq. “Qarabağ”ın qələbəsi tam olaraq play-off mərhələsinə düşə biləcəyi anlamına gəlmir. Bu əvvəl də qeyd etdiyim kimi, digər komandaların oyunlarında qeydə alınacaq nəticələrdən asılı olacaq”.

Qeyd edək ki, “Qarabağ” - FKSB görüşü bu gün saat 21:45-də start götürəcək.

0