AFFA 5 klubla bağlı qərar verib
04.06.2025 - 17:48
AFFA 5 klubla bağlı qərar verib

AFFA Azərbaycanın 5 klubu ilə bağlı qərarlarını açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

I Liqada “Mingəçevir” klubunda çıxış edən Nəzərli Muxtar Mehman oğluna danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzasının verilməsi barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməyib.

“Kəpəz”in (Gənclər Liqası) futbolçusu Nihad İsaqov barəsində verilən qərar qismən təmin olunub. Onun "Səbail"lə oyunda təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzasının 2-si şərti olacaq. Futbolçuya cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti verilib və başlanğıc mayın 14-dən hesablanmağa başlayıb.

I Liqada çıxış edən "Qaradağ Lökbatan" klubunun baş məşqçisi Amit Quluzadə tərəfindən verilən apellyasiya şikayətini də təmin edilməyib. AFFA İntizam Komitəsinin mayın 21-də hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanması, “Qaradağ Lökbatan” klubunun 400 manat cərimə edilməsi qərarı qüvvədə saxlanılıb.

U-15 Liqasında keçirilən "Şamaxı" - "Metak" oyununda bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə Vüqar Süleymanovu 1 il müddətinə futbola aid hər hansı bir məşğuliyyəti qadağan etmə cəzası verilməsi barədə AFFA İntizam Komitəsinin 21 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.

Mayın 10-da AHFF-nin Həvəskarlar liqasında "Laçın" - "İstiqlal" arasında keçiriləcək görüş zamanı komandanın üzvlərinin geyimləri ilə bağlı yaranmış ziddiyyətlə ələqədar olaraq oyun baş tutmadığı üçün hər iki komandaya xəbərdarlıq edilməsi və oyunun yenidən keçirilməsi barədə İntizam Komitəsinin 14 may 2025-ci il tarixli qərarından verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.