Aydın Bayramov: "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik" - Müsahibə
04.11.2024 - 15:47
Aydın Bayramov: "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik" - Müsahibə

"Zirə"nin qolkiperi Aydın Bayramov apasport.az saytına müsahibə verib.

- "Şamaxı" ilə matçda qalib gəlməyi bacardınız. Komandanızın çətin səfərdə qələbə qazanmasını necə şərh edərdin?
- "Şamaxı"ya qarşı matç ağır oldu. Onlarla görüşün necə çətin olduğunu bu sezon artıq görmüşdük. Rəqib aqressiv, döyüşkən kollektivdir. Özü də, meydança amili də var. Sünii örtüklü meydança onlar üçün avantajdır. Lakin bütün bunlara baxmayaraq, şükür Allaha qalib gəldik. Yolumuza davam edirik.

- 3 oyun idi ki, qələbə qazana bilmirdiniz. Oyundan öncə hansısa psixoloji problem var idi?
- Üzərimizdə heç bir psixoloji gərginlik yox idi. Doğrudur, geridə qalan oyunların hər birində qalib gəlmək istəyirdik. Elə oldu ki, qələbə qazana bilmədik. Amma bu, bizdə hansısa psixoloji gərginlik yaratmamışdı.

- Maraqlıdır ki, "Şamaxı"ya ilk dövrədə məğlub olmuşdunuz. Amma bu dəfə qələbə qazanmağı bacardınız. Matçdan əvvəl revanş haqda düşünürdünüz?
- Bilirsiz, bu futboldur. Hər komanda ilə hər sezon 4 oyun keçiririk. Kubok da əlavə olsa, bu rəqəm 6 oyuna qədər yüksələ bilir. Burada qələbələr də olur, məğlubiyyətlər də. Ona görə hansısa revanş hissi olmur. Hər matça qələbə üçün çıxmağa çalışırıq. Daim qarşıdakı oyuna köklənirik.

- Səncə, Şamaxıdakı nəticədən sonra komandanın növbəti görüşlər üçün qələbə motivasiyası artacaq?
- Allah qoysa, belə də olacaq. Hər oyuna yüksək motivasiya ilə çıxırıq. Çünki qələbələr qazanmaq niyyətindəyik. Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq.

- Növbəti turda "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Onlar turnir cədvəlində üst pillələrdə qərarlaşıb. Səncə, Naxçıvan təmsilçisini məğlub edə biləcəksiz?
 - Dediyim kimi, biz oyunlara qələbə üçün çıxırıq. Təbii ki, "Araz-Naxçıvan"la oyunun çətin və ağır olacağını bilirik. Bu mövsüm "Araz-Naxçıvan" da güclü kollektiv formalaşdırılıb. Artıq bu oyun haqda düşünürük və fokuslanmışıq. İnanıram ki, sevinən tərəf biz olarıq.
 

0