
"Şamaxı" Misli Premyer Liqasının XXXV turunda doğma meydanda "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:
"Ağır oyun alındı. Bizi nəyin gözlədiyini bildirdik. Komanda istədiyim oyunu və nəticəni göstərdi. Konfrans Liqasına vəsiqə qazanmaq sevindiricidir. Rəhbərliyi təbrik edirəm. Bizə inandılar. Daha yaxşı ola bilərik. Qarşıdakı günlərdə rəhbərliklə görüşümüz olacaq. Bütün planları müzakirə edəcəyik".
- Konfrans Liqasında azı bir mərhələ keçmək üçün rəhbərlikdən neçə transfer istəyəcəksiz?
- Heç nə deyə bilmərəm. Hər şey ola bilər. Bəlkə də mənim işim rəhbərliyi qane etməyəcək. Buna da hazır olmalıyıq. Mən daha yaxşı "Araz-Naxçıvan" görmək istəyirəm.
- Konfrans Liqasına vəsiqə qazanmağı Naxçıvanda qeyd etmək fikriniz var?
- Mənlik olsa, bu dəqiqə komandanı götürüb Naxçıvana apararam. Bu, mənə aid sual deyil. Daha çox rəhbərlik səviyyəsində həll olunmalıdır. Öz şəhərimizdə oynasaq, üstünlük qazana bilərik. Ümid edirəm ki, növbəti mövsümdə Naxçıvanda azarkeşləri sevindirə bilərik.
- Müqaviləsi başa çatan futbolçulardan neçəsi komandanı tərk edəcək?
- Mən qarışıq hamının müqaviləsi bitir. Təkcə İqor Ribeyronun sözləşməsi davam edir. Kollektivin qorunması və güclənməsi yönündə rəhbərliklə danışığımız olacaq. Mənim istəyimi qəbul edəcəklərsə, davam edəcəm.
- Bu bürünc medal sizin məşqçilik karyeranızda hansı yeri tutur?
- "Qəbələ"də uğurlu olduq, iki il ard-arda Konfrans Liqasına vəsiqə qazandıq. Amma orada uğursuz da olmuşam. Komandanın I Liqaya düşməsində mənim də payım olub. Rəhbərliyə "çox sağ ol" deyirəm ki, mənə güvəndilər. İnam olan yerdə məşqçi iddiasını ortaya qoya bilir.
- Uzun müddət ikinci yerdə oldunuz. İkinciliyi əldən verdiyinizə görə təəssüflənirsiz?
- Xeyr. Futbolda hər şey planlaşdırılmış şəkildə olmur. Mövsüm ərzində 6-7 futbolçumuz cəzalı, zədəli oldu. Sıxıntılar yaşadıq. Daha güclü olmaq üçün heyətimiz də geniş olmalıdır.
- "Qəbələ" yenidən Premyer Liqaya qayıtdı. Bu haqda nə deyə bilərsiniz?
- Onların yeri elə Premyer Liqadır. Təbriklərimi çatdırmışam. İnşallah meydanda rəqib olarıq.