
“Qarabağ”ın sabiq futbolçusu Emin İmaməliyev Apasport.az saytına müsahibə verib.
- “Qarabağ” ölkə kubokunun finalında “Sabah”a uduzdu. Belə nəticə olacağını ehtimal etmişdiniz?
- Maraqlı oyun olacağını ehtimal edirdim. Çox gözəl final oldu. Əla oyun alındı. Sadəcə həmin gün idman xoşbəxtçiliyi “Sabah”ın tərəfində idi. “Sabah” 1:2 uduzurdu, son saniyələrdə bərabərlik qolunu vurdu. 120-ci dəqiqədə isə üçüncü qolu vuraraq qalib gəldi. Özü də, Tellur Mütəllimovun qolu elə vaxtda vuruldu ki, “Qarabağ”ın hesabı bərabərləşdirmək üçün vaxtı qalmadı. Çox gözəl final idi. “Sabah”ı təbrik edirəm kuboku qazandılar, Avropa Liqasında da uğurlar arzulayıram. “Qarabağ”a da Çempionlar Liqasında uğurlar arzulayıram.
- “Qarabağ”ın “Sabah”la görüşdə arxayınçılığın qurbanı olduğunu düşünmək olar?
- Hər iki komanda qələbəyə layiq idi. Sadəcə həmin gün idman xoşbəxtçiliyi “Sabah”ın tərəfində idi. Deməzdim ki, bir komanda çox istədi, o biri yox. Məncə, həm “Sabah”, həm də “Qarabağ” kuboku qazanmağı çox istəyirdi. Məqsədləri də bu idi.
- Hər halda, ölkə kubokunun finalı və “Sabah”ın kuboku qazanması göstərdi ki, yeni mövsüm çempionluq mübarizəsində daha qızğın mübarizə gedəcək?
- Əlbəttə ki, yeni mövsüm üçün hər klubda dəyişiklik olacaq. Çünki bilirik ki, legioner limiti yığışdırılıb. Ona görə də, hər klub yəqin indi də transfer işləri ilə məşğuldur. Öncədən də nəsə demək olmur. Çünki bu, klubların hansı səviyyədə futbolçu transfer etməyindən asılıdır. Amma bir şeyə əminəm ki, yeni mövsüm bizi olduqca maraqlı çempionat gözləyir. İndidən deyə bilmərəm ki, hansı klub hansı səviyyədə olacaq. Bu, klubların transfer siyasətindən, legionerlərin səviyyəsindən asılı olacaq.
- Hansı müddətdən sonra bunu ehtimal etmək olar?
- Fikir bildirmək üçün yeni sezonun startından 3-4 tur keçməlidir. Məhz bundan sonra 70-80 faiz bilmək olar ki, hansı klub hansı səviyyədədir. Yeni oyunçular gələcək, yeni heyətlər qurulacaq. Bu mənada deyirəm ki, indi nəsə demək doğru olmazdı. Fürsətdən də istifadə edib, avrokuboklarda iştirak edəcək klublarımıza uğurlar arzulayıram.
- “Qarabağ”ın hücum xəttinə necə, yeni forvarda ehtiyac var? Yoxsa, düşünürsünüz ki, Musa Qurbanlı və Nəriman Axundzadə ilə davam etmək olar?
- Mən həmişə demişəm, transfer işləri ən çox məşqçilər tərəfindən müzakirə edilir. “Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq. Yoxdursa, Nəriman Axundzadə və Musa Qurbanlı ilə davam edəcəklər. Yəni, bu məsələ sırf baş məşqçi və köməkçilərinin verəcəyi qərardan asılıdır.