“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Felipe Santos apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan" "Neftçi" ilə matçda qələbə qazanmağı bacardı. Bu görüş haqda fikrin necədir? Səncə, komandanız yaxşı futbol oynaya bildi?
- Oyunu izləyən hər kəs meydanda 2 fərqli komanda gördü. Bizim komandamız meydanda qol vurmaq üçün şans axtarırdı. Hətta iki qoldan sonra da bunu etmək istəyirdik. Həqiqətən də, əla qələbə idi. Fikrimcə, hesab daha yaxşı ola bilərdi. Amma epizodlardan bəzən istifadə edə bilmədik.
- Bu mövsüm "Neftçi" ilə görüşlərdə 7 xal qazanmısınız. Demək olar ki, "Neftçi" sizin üçün asan rəqibə çevrilib?
- “Neftçi” ölkənin ən böyük komandalarından biridir. Nə vaxt onlara qarşı oynasaq, qalib gəlmək istəyirik. Məncə, bu da normaldır. Bu mövsüm onlar zəif görünürlər. Buna görə də, onlara qarşı yaxşı çıxış edirik. İlk oyunda feyr-pleyə əməl etsəydilər, 9 xal qazana bilərdik.
- “Araz-Naxçıvan" ardıcıl üç oyunda məğlub olmuşdu. Komandada psixoloji eniş var idi?
- Biz oyun sarıdan daha yaxşı olduğumuz qarşılaşmaları uduzduq. Uduzduğumuz oyunlarda rəqibdən pis olmamışdıq. Amma bu, futbolun bir parçasıdır. Təcrübəli oyunçularımız var və bilirdik ki, bu məğlubiyyətlər bitəcək. İndi də məqsədimizə çatmaq üçün qələbə axtarmağa davam edirik.
- Sonuncu dəfə 15-ci turda qol vurmuşdun. Son maçlarda qol vurmamağını nə ilə əlaqələndirirsən? Ola bilər ki, rəqib müdafiəçilər artıq sənə xüsusi yanaşırlar?
- 5 oyundur ki, qol vurmuram və bu, dəhşətlidir. Özüm özümə çox böyük təzyiq edirəm. Mən bombardir olmağa davam etmək istəyirəm, amma bu çətin olacaq. Rəqiblərim artıq məni yaxşı tanıyır. Ona görə də qol vurmağa davam etmək üçün onlardan üstün olmalı və fərqli bir şey etməliyəm.
- “Araz-Naxçıvan" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. Həmin görüşdə komndanın qələbə qazanmaq şansını necə dəyərləndirirsən?
- Rəqibdən asılı olmayaraq hər oyunda qalib gəlmək istəyirik. Bu, çox çətin olacaq. Onların yaxşı komandası var. Bu mənada, 3 xalı əldə etmək üçün diqqətimizi cəmləyəcəyik.
- Mövsümün ilk yarısını "Araz-Naxçıvan" ikinci pillədə başa vurdu. Səncə, mövsümün ikinci yarısı sizin üçün daha çətin olacaq? Yoxsa, inanırsan ki, mövsümün sonuna qədər ikinci pillədə qalacaq və avrokuboklara vəsiqə qazanacaqsınız?
- Məqsədimiz turnir cədvəlində ilk 2 komandadan biri olmaqdır. Çətin olacaq, amma rəqibimizin xal itirdiyi və qol vurmağımız lazım olan oyunlardan yararlanmalıyıq. Ümid edirəm ki, bir neçə aydan sonra biz avrokuboklara vəsiqəni qazana bilərik. Görək, necə olacaq. Əsas odur ki, biz sona qədər mübarizə aparacağıq.