
“Araz-Naxçıvan”ın legioneri Felipe Santos apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan” “Aris”lə matçda (2:1) qələbə qazanmağı bacardı. Qalib gələcəyinizə çox inanırdın?
- Əlbəttə, qələbə qazanacağımıza çox inanırdım. Çünki biz hər gün çalışırdıq. Bizim çox yaxşı və güclü futbolçularımız var. Ola bilər ki, kimlərsə bizə inanmırdı. Amma bu, bizim üçün önəmli deyildi. Vacib olan özümüzün-özümüzə inanması idi. Bu inam da ən yüksək səviyyədə idi, elə ona görə də, qələbə qazandıq.
- Matçın ikinci hissəsində 0:1 hesabı ilə geriyə düşdünüz. Həmin anda nə fikirləşirdin, qalib gələcəyinizə inanırdın?
- Kim oyunu izləyibsə, ən yaxşı oynayan və qələbəyə layiq olan komandanın hansı olduğu görüb. Doğrudur, 2:1 hesabı ilə qalib gəldik. Amma mən sizə deyim ki, bu nəticə yaratdığımız epizodların fonunda az qaldı. Məncə, daha çoxuna layiq idik.
- Bu matçda qollardan birinə sən imza atdın. Öz performansından razı qaldın?
- Bütün komanda olaraq, çox yaxşı çıxış etdiyimizə inanıram. Bu, yalnız ilk oyun idi. Əminəm ki, keçən mövsümdən daha yaxşı sezon keçirəcəm və komandaya daha çox kömək edəcəm.
- 2:1 hesabı cavab görüşü öncəsi sizi arxayınlaşdırır? Bu hesab sizin üçün yaxşıdır?
- Təbii ki, yaxşı nəticədir. Lakin heç nə müəyyən edilməyib. Biz səfər görüşünə canımızı vermək üçün gedəcəyik və qalib gəlmək üçün hər şeyi edəcəyik. Harada oynamağımdan, olmağımdan asılı olmayaraq, yalnız qələbə üçün çalışacam.
- Salonikidəki cavab görüşü haqda hansı fikirdəsən? Səncə, Yunanıstanda lazım olan nəticəni qazana biləcəksiniz?
- Çətin oyun olacağı dəqiqdir. Çünki “Aris”in azarkeşləri evdə onları dəstəkləyəcək. Onların sayı çoxdur. Lakin biz yalnız meydanda olanlara diqqət yetirməliyik. Meydana ötən oyundakı kimi daxil olsaq, əlbəttə ki, müsbət nəticə qazanacağıq.
- Razısan ki, “Araz-Naxçıvan” qısa zamanda daha da çox güclənib? Sanki komanda Premyer Liqada çempionluq uğrunda da mübarizə apara biləcək gücdədir...
- Komandamızda keyfiyyətli və həlledici oyunçular var. Çox rəqabətli çempionat olacaq. Bu mövsüm əlimizdən gələni edəcəyik, biz təəccübləndirmək istəyirik.
- Yəqin ki, “Aris” səddini keçsəniz, Konfrans Liqasında əsas mərhələyə qədər gedəcəyinizə çox inanırsınız?
- Futbol çılğın oyundur. Daha əvvəl “Araz-Naxçıvan”a heç kim inanmırdı. Lakin ilk matçdakı qələbədən sonra hamı növbəti mərhələ haqqında düşünür. Amma biz oyundan-oyuna növbəti görüşə diqqətimizi yönəldirik. Biz tarix yazmaq üçün hər şeyi edəcəyik.