Misli Premyer Liqasının XI turunda "İmişli" "Sumqayıt"ı qəbul edib - 0:0.
Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Filipo Kandidonun mətbuat konfransı keçirilib.
"Təxminən bilirdim ki, balanslı oyun olacaq. Çünki indiyə qədər yalnız "Neftçi", "Sabah" və "Qarabağ" bu komandaya qalib gələ bilib. Turnir cədvəli baxımından da bizim üçün vacib oyun idi. Biz rəqibdən yaxşı oynadıq. Amma bu, qələbə üçün bəs etmədi. 90 dəqiqə ərzində daha yaxşı qol vəziyyətləri yarada bilərdik. Asan deyildi. Rəqib kompakt müdafiə olunursa, bunu etmək çətindir. "İmişli"nin də əks-hücumlarda qol imkanları oldu. İlk dəfə idi ki, qol buraxmadıq. Amma məşqçi olaraq, istəyirdim ki, qələbə qazanaq. İkinci hissədə qol vurduq. Cüzi fərqlə oyundankənar vəziyyət qeydə alındı. Son 8 oyunda sadəcə "Zirə"yə uduzmuşuq. Lakin oyunumuz inkişaf etdirməliyik".
- Daha əvvəl Roy Kehatı komandanın əsas oyunçusu kimi görürdük. Amma son vaxtlarda onu daha çox meydana sonradan daxil edirsiz. Bunu nə ilə əlaqədardır
- Roy bizim üçün çox vacib oyunçudur. O, ağır zədədən yeni qayıdıb. Çalışırıq ki, ona yavaş-yavaş oynamaq imkanı yaradaq. Keçən oyunda start heyətində başlamışdı. Gələcək oyunlarda necə kömək edəcəyini görəcəyik və qərar verəcəyik.
- Komanda "altılıq"dan uzaqlaşır. Bu sizi narahat edir? "Kəpəz"lə artıq 7 xallıq fərq var...
- Təbii ki, ardıcıl heç-heçələr, xal itkiləri məni narahat edir. Yuxarı pillələrdən uzaqlaşmaq istəmirik. Amma çempionatdakı rəqiblərin hamısı bir-birinə yaxın komandalardır. Hamı bir-birinə qalib gələcək gücdədir. Hazırkı vəziyyət məni narahat edir. Amma ötən mövsüm komanda noyabr və mövsümün sonunda hansı vəziyyətdə idi. Yekunu gözləmək daha yaxşı olardı.