İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”
14.05.2025 - 17:25
İlham Zəkiyev qalmaqal barədə: “Həkimləri aldatmaq mümkün deyil”

Ötən günlərdə Azərbaycan idmanında daha bir qalmaqal baş verib.

Azərbaycanlı idmançı Şəhanə Hacıyeva Qazaxıstanın paytaxtı Astanada keçirilən paracüdo üzrə dünya çempionatına buraxılmayıb. Buna səbəb onun tibbi təsnifatdan keçə bilməməsi olub. 

Təmsilçimiz J2 kateqoriyasında (qismən görmə məhdudiyyətli) mübarizə aparmalı olsa da, buna icazə verilməyib.

Həkimlər onun gözündə görmə ilə bağlı hər hansı məhdudiyyətin olmadığını bildiriblər. Nəticədə Hacıyevanın ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.

Apasport.az məsələyə aydınlıq gətirilməsi üçün Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyevlə əlaqə saxlayıb. O, bunun normal prosedur olduğunu söyləyib: “Bu dərəcə şişirdiləsi olan nədir? Tibbi təsnifatdan keçə bilməyən o qədər idmançı var. Bu, yalnız bizdə deyil, xaricdə də kifayət qədərdir. İngiltərəli Paralimpiya çempionu Kris Skelli tibbi təsnifatdan keçə bilmədi. Tokio-2020-də mənim çəkimdə çempion olan Məhəmmədrza Xeyrullazadə də yoxlanışda kəsildi. Burada nə var ki?”.

İlham Zəkiyev qaydaların sonradan dəyişdirildiyini bildirib: “Tokio Yay Paralimpiya Oyunlarına qədər qaydalar fərqli idi. Həmin turnirdən sonra qaydalar tamamilə dəyişdi. Bəzi xəstəliklər siyahıdan çıxarıldı. Əvvəllər B1, B2 və B3 kateqoriyası mövcud idi. Bunlar ardıcıllıqla görə bilməyən, qismən görən və nisbətən görənlər üçündür. Yaponiyada təşkil olunan yarışa qədər onların hamısı birlikdə mübarizə aparırdılar. 

Buna görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerlə dəfələrlə görüşdüm, iradlarımı bildirdim. Ona söylədim ki, bu, ədalətsizlikdir, qaydalarda dəyişikliklər olmalıdır. O da sağ olsun, məni dinlədi və qaydalar dəyişdirildi. Üçüncü kateqoriya ləğv edildi, əvəzində J1 və J2 kateqoriyaları gətirildi. Heç görməyənlər və qismən görənlər. Köhnə B3 kateqoriyasının müalicə oluna biləcəyi təsdiqləndi. İndi əvvəlki illərə nisbətdə ciddi fərq var. 5 Paralimpiadada görənlərlə güləşmişəm. Hazırda qaydalar ədalətlidir”. 

5 qat Paralimpiya medalçısı Şəhanənin karyerasına davam edə biləcəyini söyləyib: “Hacıyeva istəsə, cüdo karyerasına davam edə bilər. O, yalnız paracüdoda iştirak edə bilməz. Təmsilçimiz cüdonun Olimpiada növündə mübarizə apara bilər. Bu barədə ona heç kəs qadağa qoya bilməz. Sadəcə olaraq, Şəhanə Paralimpiada şərtlərinə cavab vermədiyi üçün həmin yarışlardan kənarlaşdırıldı. Həmin yoxlanışı aparanlar da işinin peşəkarı olan həkimlərdir. Almaniya, ABŞ, Ukraynadan gələn həkimlər ciddi yoxlama aparırlar və onları aldatmaq mümkün deyil”.