
“Heç kəs istəməzdi ki, komandanın vəziyyəti bu duruma gəlib çatsın. İstəmək bir qırağa, heç bu barədə fikir belə ola bilməzdi”.
Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin azarkeşlərlə əlaqələndirici koordinatoru Aqil Məmmədquliyev deyib.
O, fanatların boykot qərarı barədə danışıb: “Boykot qərarının səbəbi əksər futbolçuların özlərində məsuliyyət hiss etməsi üçündür. Məncə, ən mədəni, gözəl və sivil olanı bu idi. Yəni baxın, biz sizə görə klubumuzu atan deyilik. İstənilən futbolçu gəldi-gedərdi. Məşqçi, rəhbərlik, hər kəs bir gün gedəcək. Klub və sevgi isə əbədidir, ələlxüsus da “Neftçi” azarkeşində. Uğursuz nəticələrə görə boykot qərarı alındı. Lakin yenə də azarkeşlərimiz tribunalara gəlirlər, səssiz də olsa, “burdayıq, getməmişik” deyirlər. Əsl sevgi nümunəsi budur.
Digər məsələ isə futbolçuların neçəsinin bunu hiss etməsidir. Onlara nə qədər izah olunur ki, bax, biz klubumuzun arxasınca gəlirik, əziyyət çəkirik. Mövcud vəziyyətdə məsafələri qət etmək vaxt, maddiyyat, enerji, əsəb, gərginlik tələb edir. Bəzi rayonlara, məsələn Şamaxıya gedib gəlmək daha asandır. Çünki Suraxanıdan, Əhmədlidən, Günəşlidən gələn azarkeşlər müəyyən bir məkanda toplaşıb rahatlıqla gedə bilirlər. Amma Sumqayıta getmək üçün tıxacda əziyyətlərlə yol qət edirlər. Bu da klubunu tək qoymamaq, sevgisini bildirmək üçün azarkeşin jestidir. Futbolçu nə qədər məsuliyyət hiss edəcək, neyniyəcək, onu zaman göstərəcək. Lap bundan sonra göstərsə, nə olacaq? Ümid edirəm ki, baş məşqçi də, rəhbərlik də artıq kimlərin komandada qalacağını, kimlərin gedəcəyini qərarlaşdırıblar və ya qərarlaşdırırlar. Sən özünə ixtiyar verməməlisən ki, futbolçuyam da, müqaviləm var, çıxıram top dığırlayıram, maaşımı alıram. İşlər top dığırlamaqla düzəlmir”.
Klub rəsmisi “Neftçi”nin hazırkı durumunu dəyərləndirib: “Hamımız bilirik ki, əvvəlki baş məşqçi (red. - Roman Qriqorçuk) və idman direktorunun (red. - Yens Andersson) seçimləri bizi bu vəziyyətə gətirib çıxardı. Daim sosial şəbəkələrdə, qruplarda komanda ilə bağlı sorğular keçirilir. Həmin sorğuların nəticəsində Samir Abasova inam, dəstək 80 faizin üzərindədir.
Mütəxəssisə inamımız, güvənimiz var, ona ümidimiz çox böyükdür. Mən özüm də birinci növbədə azarkeşəm, sonra “Neftçi”nin əməkdaşıyam. Bu səbəbdən mənim üçün ələlxüsus çətindir. Reallıq budur ki, “Neftçi” bu günə, bu vəziyyətə layiq deyil. İstər idarəçiliyi, Müşahidə Şurası, büdcəsi, infrastrukturu, istərsə də azarkeşi ilə belə olmamalıdır. Hətta komandanın heyətindəki futbolçular da belə nəticələri haqq etmirlər. Sadəcə ayrı-ayrı fərdlərin işinə ciddi yanaşmaması, futbolçuların və bəzi oyunçuları gətirən idman direktorunun qərarları bizi bu duruma saldı. Ardıcıl ikinci il də avrokuboklarda oynamayacağıq, artıq şanslarımız sıfıra bərabərdir. Bundan sonra bütün oyunları udsaq, rəqiblərimiz də matçların hamısında uduzsa, yenə də mümkünsüzdür.
Biz bu yerlərə layiq deyilik. Bu sevgi, fədailik bunu haqq etmir. “Neftçi” azarkeşi şəxsi maddiyyatı ilə sənin arxanca gəlir, sürünür, əziyyət çəkir. Digər klublarda nələrin baş verdiyindən xəbərimiz var. Amma burda hər şey azarkeşin öz üzərindədir. “Neftçi” fanatı mən sevgimi bu cür büruzə verirəm, belə göstərirəm deyir. Başqa klublardan olan insanlar azarkeşlərimizin videolarını göndərirlər. Deyirlər arzu edirik ki, bizə də sizin kimi dəstək verən olsun. Həm azarkeşlər, məşqçilər, həm də futbolçulardan bu sözləri eşitmişəm. Hər zaman bildirirlər ki, “Neftçi”nin dəstəyi başqa aləmdir”.
O, komandadan gözləntilərini də bildirib: “Ümid edirəm ki, yeni mövsümdə heyətdə Samir Abasovun istədiyi futbolçular olacaq və rəhbərliklə Abasov gözəl bir tandem yaradıb, bu klubu layiq olduğu yerlərə, çempionluq mübarizəsinə qoşa biləcəklər. Çalışdırıcının gəldiyi vaxtdan dəyişən şey çoxdur. Amma bu yetərli deyil. Yay fasiləsində daha da güclənib, yeni sezona uğurlu başlamaq lazımdır. Hər şeyin yaxşı olacağına inanıram.
Bəzi ağzının danışığını bilməyənlər var idi ki, deyirdilər “Neftçi”ni “dartırlar”. “CBC Sport” qar yağdığı üçün Şamaxıya gedə bilməmişdi. Həmin şəxslər də başlamışdılar ki, bağ belə, bostan belə. Noldu, “Neftçi”ni hara qədər “dartdılar”? Neynədilər komanda üçün? Amma çox halları göstərmək olar ki, dartılanlar var, olub və olacaq da. Kim olur olsun, bu “Neftçi” deyil. Komanda avrokuboklardan kənarda qaldı. Bəs “dartırdılar” “Neftçi”ni? İndi çıxın danışın da”.