Keçmiş əzəmətini itirən “Neftçi”nin uğursuz günləri davam edir.
Mövsümə bərbad başlayan komanda qış fasiləsinə qədər 8-ci pillədə qərarlaşdı. Hamımız düşünürdük ki, “ağ-qaralar” transfer pəncərəsində heyətində ciddi dəyişikliklər edəcək, yeni komanda formalaşdıracaq.
Amma bu baş vermədi. Əvəzində “Neftçi” mövsümün ikinci yarısına da uğursuz başladı. Komanda “Sabah”la oyunda bir xala sevindi, “Araz-Naxçıvan” səfərindən isə əliboş döndü.
Paytaxt təmsilçisində qış fasiləsində cəmi 2-3 dəyişiklik oldu. Kilan Lebonla Mark Tamaş göndərildi, yerlərinə isə Elvin Camalovla Ryonosuke Ohori heyətə cəlb olundu.
Komandanın müdafiə planındakı boşluğunu nəzərə alsaq, Camalovu uğurlu transfer saymaq olar. Ohori isə hələ ki, özünü yaxşı tərəfdən göstərməyi bacarmayıb. O, cəmi 9 dəqiqə meydanda olub və sarı vərəqə ilə cəzalandırılıb.
Gələk “Neftçi”nin son matçının heyətinə. “Ağ-qaralar”ın baş məşqçisi Samir Abasov görüşə 7 yerli futbolçu ilə başladı. Maraq üçün qeyd edək ki, limitə görə meydanda 3 azərbaycanlının olması kifayətdir. Lakin Abasov fərqli qərar verdi. Və ya kimlərəsə nəyisə sübut etməyə çalışdı.
Mütəxəssis matça 2 dayaq yarımmüdafiəçisi ilə çıxdı. Həm Emil Səfərov, həm də Elvin Camalov görüşə start heyətində başladı. Bu, “Neftçi”nin oyuna heç-heçə üçün çıxdığının göstəricilərindən biri idi. Yarımmüdafiə xəttində 2 müdafiəyəmeylli futbolçu ilə oynayırsansa, dominant tərəf olmayacaqsan. Məqsədin qol buraxmamaq olacaq.
Meydana əsas heyətdə çıxanlardan biri də Alfa Konte idi. Oyunboyu həyəcanı üzərindən ata bilməyən gənc hücumçu niyə ehtiyatda qaldığını sübut etdi. Bəzi epizodlarda sanki mübarizəyə girməkdən qorxdu.
Robert Bauerlə Yuri Matias da formada deyillər. İnstaqram paylaşımlarında gördüyümüz Matiasla meydandakı tamam fərqlidir. Hər iki müdafiəçi rəqib hücumçularla mübarizələrdə inamsız çıxış edirlər. Hətta indi Höccət Haqverdinin onlara nisbətdə daha yaxşı olduğunu söyləmək lazımdır.
Başqa vaxt ən yaxşı dediyimiz Mustafa Sek isə ciddi səhvlərlə yadda qaldı. Vurulan ilk qolun müəllifi onun tutmalı olduğu Vanderson Melo oldu. Sek küncdən zərbədən gələn ötürmədə yanındakı futbolçunu boş buraxdı və yerə yıxıldı. Epizod isə qolla nəticələndi.
Meydan sahiblərinin ikinci qolu da ardıcıl səhvlərdən sonra yarandı. Öncə Robert Bauer sürüşərək topu qazanmağa çalışdı. Lakin zamanlama xətasına yol verən futbolçu epizodda məğlub oldu. Ardınca Elvin Camalov üzərinə gələn topu rəqib hücumçunun önünə atdı və Ramon Maçado qapını dəqiq nişan aldı.
Abasov qısa zamanda azarkeşlərin sevimlisinə çevrilən Murad Məmmədovu da ilk dəqiqələrdən döyüşə atdı. Fanatların “Murad niyə oyuna əsas heyətdə başlamır?” sualına da beləcə aydınlıq gəldi. Gənc futbolçu meydanda olduğu müddətdə döyüşsə də, hissənin sonlarında artıq “çatdırmırdı”. Onun fiziki cəhətdən 90 dəqiqə oynamağa hazır olmadığı göründü.
Nəticədə mütəxəssis fasilədə onu əvəzlədi. Yerinə isə azarkeşlərin digər sevimlisi Ağadadaş Salyanskiyi oyuna daxil etdi. “Neftçi”lilərin forma şansı qazanmadığı üçün etiraz etdiyi forvard heç nə ilə yadda qalmadı. Uca boyuna baxmayaraq, standart vəziyyətlərdə də hansısa təhlükə yarada bilmədi.
Bəli, komandanın hansı durumda olduğu bəllidir. Bunun səbəbləri də müəyyəndir. Yayda böyük ümidlərlə “Neftçi”yə baş məşqçi təyin olunan Roman Qriqorçuk uğursuzluğun əsas səbəbkarıdır.
O, ilk növbədə təlim-məşq toplanışında komandanı normal hazırlaşdıra bilmədi. Məşqlərdə normal intensivlik olmadı.
Nəticə etibarilə mövsümün ortasıdır, amma futbolçular hələ də oyun formalarını yığa bilməyiblər.
Ukraynalı bir müddət sonra yeni transferlərini reallaşdırdı.
Yerli futbolçuları nəzərə almasaq, Dembo Darbo, Andrey Ştoqrin, Robert Bauer, Rafael Quzzo, Edvin Kuç və Mustafa Sek onun dönəminin transferləridir. Bu futbolçulardan ikisi – Darbo ilə Ştoqrin isə şəxsən Qriqorçukun istəyi ilə komandaya gətirildi.
Hər iki hücumçunun durumu göz önündədir. Biri xəstəxanadan meydana çıxmağa vaxt edə bilmir, digəri isə topu qəbul edəndə ayaqları əsir.
Yəni “Neftçi”nin hazırkı heyətini Abasovun yox, Qriqorçukun gətirdiyi futbolçular doldurub. Samir Abasov həmin oyunçuların durumundan xəbərdardır və yeni heyət qurmaq istəyir. Klubun yeni transferlər etməsi üçün də həmin legionerlərdən bir neçəsini göndərmək lazımdır.
Lakin onların hamısını birdən göndərə bilmir. Çünki müqavilələri var və gedəcəkləri təqdirdə bütün alacaqları maaşları istəyirlər.
Həmçinin yay dönəminin uğursuz transferləri klub rəhbərliyinə baha başa gəlib. Onların komandadan göndərilməsi və maaşlarının ödənilməsi nəticəsində “Neftçi” həm ciddi məbləğdə pullar itirib, həm də 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Bu səbəbdən də klub rəhbərliyi artıq transferlərə daha həssas yanaşır. Çünki əvvəlki səhvləri təkrarlamaq istəmirlər və növbəti mövsümə qədər komandaya uyğunlaşa biləcək futbolçular transfer etmək istəyirlər.
Nəticədə Qriqorçuk “Neftçi”ni belə bir çıxmaza saldı. “Ağ-qaralar” onun ucbatından azı 1 mövsümü boşa verdi. İndi klub nə əlindəkiləri göndərə bilir, nə də yeni futbolçuları transfer edə...
Bütün bu hadisələrdən sonra Roman bəy mətbuat konfranslarında gülür, ətrafa xoş əhval saçırdı. Sanki bunun komandası “Kəpəz”ə uduzmayıb, əksinə ölkə çempionu olub. Onun səyləri nəticəsində böyük ehtimalla “Neftçi” üçün ardıcıl ikinci il də avrokuboklar başlamadan bitdi. Sonuncu dəfə “ağ-qaralar”ın nə zaman iki il ard-arda qitəmiqyaslı yarışlardan kənarda qaldığını xatırlamıram. Sağ olsun, Qriqorçuk bizləri bunu da xatırlamağa vadar etdi.
Onun qurduğu komanda 20 oyundan sonra 18 xal yığıb. Maraq üçün qeyd edim ki, “Neftçi” tarixinin ən uğursuz məşqçisi sayılan Hans-Yürgen Gede belə 20 matçdan sonra 27 xal qazanmağı bacarmışdı.
Böyük ehtimalla, hansısa fövqəltəbii hadisə baş verməsə, göydən od yağmasa, bu komandanın “Neftçi” tarixinin ən pisi olduğunu söyləmək olar. Səbəbkarlar da ortadadır, səbəblər də.
İndi iş düşür Abasova. Qriqorçukdan təhvil aldığı ev hazırda üzərinə çökür. O, həmin evin başına yıxılmaması, xarabalıqlara çevrilməməsi üçün əmin addımlar atmalıdır. Növbəti səhv sağlam qalan son sütunların da çökməsi ilə nəticələnəcək.
Abasov ukraynalının məhv etdiyi komandanı toparlamalı və köhnə günlərinə qaytarmalıdır. Ona inananların da ciddi səbəbləri var. Çünki Abasov bunu bir dəfə bacarıb...
İsmayıl Xeyrullayev