Rahid Əmirquliyev: “Qarabağ” Avropada səs-küy yaradıb”
22.10.2025 - 13:46
Rahid Əmirquliyev: “Qarabağ” Avropada səs-küy yaradıb”

“Qarabağ” Çempionlar Liqasına çox yaxşı start verib - 2 oyun, 2 qələbə! Komanda Avropada səs-küy yaradıb. İnşallah, bu uğurların davamı gələr. Ümid edirik ki, təmsilçimiz bu gün ən azı bir xalla Vətənə qayıdacaq".

Bu sözləri Apasport.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev deyib.

O bildirib ki, Ağdam təmsilçisini çətin qarşılaşma gözləyir: “Atletik çox güclü və sistemli şəkildə oynayan komandadır. “Qarabağ” üçün bu oyun ağır keçəcək. Amma Ağdam klubu dəfələrlə sübut edib ki, istənilən rəqibə qarşı xal, hətta qələbə qazana bilər. Bugünkü oyuna da ümidlə baxırıq. “Atletik”in bu görüşdən qazanacağı bir xala belə hava-su kimi ehtiyacı var, buna görə də çox gərgin oyun olacağını düşünürəm.

Qarşıdakı matçlar isə “Qarabağ” üçün daha çətin olacaq – “Çelsi”, “Napoli”, “Ayaks”, “Liverpul”… Çempionlar Liqasında asan oyun olmur. Ümid edirəm ki, komandamız bu mövsüm pley-off mərhələsinə adını yazdıracaq”.

Qeyd edək ki, bu gün "San Mames" stadionunda keçiriləcək "Atletik" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.