Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"
03.03.2025 - 18:14
Rahid Əmirquliyev: "Yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik"

“Qarabağ” və Azərbaycan milli komandasının veteran futbolçusu Rahid Əmirquliyev Apasport.az saytına müsahibə verib.

- Yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti ləğv ediləcək. Bu qərarla bağlı fikriniz, düşüncəniz necədir? Sizcə, daha çox mənfi, yoxsa müsbət tərəfləri olacaq?
- Legioner limitinin ləğvi Azərbaycan çempionatına təsir göstərəcək. Ən çox da milli komandamıza zərər vuracaq. Çox klub legionerlərə üstünlük verəcək, yerli futbolçular az oynayacaqlar. Az oynayanda da, milliyə nə fayda verəcəklər? Bu, artıq sual altındadır. Düzdür, oynayanlar da olacaq. Amma klublar legionerlərə daha çox üstünlük verəcək. Bu da milli üçün problem yaradacaq. Mənfi tərəfləri çox olacaq.

- Bu qərardan sonra azərbaycanlı futbolçuların xaricə yollanmasına yol açacağı fikrində olanlar var. Səncə, bəs, Avropada bizim futbolçuları istəyən klublar olacaq?
- Belə fikirləşənlər də çoxdur ki, bundan sonra guya azərbaycanlı futbolçular xaricə üz tutacaqlar. Amma məncə, belə olmayacaq. Ola bilər ki, 1-2 oyunçumuz xaricə üz tutsun. Ancaq çoxu Azərbaycanda qalacaq. Burada özünə komanda tapacaq. Bilmirəm bu mentalitetdən irəli gəlir, ya yox. Lakin bizim futbolçular evdə, ölkədə qalmağa üstünlük verirlər.

- Bəs səncə, Premyer Liqa üçün ən ideal limit hansı olardı?
- Ən ideal limit deyəndə ki, olan limit pis deyildi. Ən azından hər komandada 4-5 yerli oynayırdı. Ancaq bundan sonra sual yaranacaq ki, ümumiyyətlə, yerli oyunçu oynayacaq, ya yox? Bəlkə bəzi klublarda cəmi 3-4 oyunçu oynaya bilər. Amma bu verilən qərar millimiz üçün zərər olacaq. Olan limit qalsaydı, daha yaxşı idi.

- Yeri gəlmişkən, qərarlardan biri Premyer Liqada komanda sayının 10-dan 12-ə artırılmasıdır. Yəqin ki, ən sevindirici məqam budur ? Birinci Liqada hansı komanda var ki, gəlib Premyer Liqada yaxşı performans sərgiləyə bilər və onu hazır hesab edirsiz yüksək liqada oynamağa?
- Əlbəttə ki, ən sevindirici hal budur. Komanda sayı artırıldı. Hansı komanda Premyer Liqaya yüksələ bilər deyəndə ki, istənilən komanda yüksək liqada oynaya bilər. “Qəbələ” “Karvan”, “İmişli”....Əlbətə, çox şey maliyyədən də asılıdır. Premyer Liqaya çıxmaq istəyən klubun maliyyə vəziyyəti yaxşı olsa, Premyer Liqaya uyğun komanda yığmaq olar. Əsas sponsor, maliyyə vəziyyətidir. “Qəbələ”nin bütün şəraiti var. “İmişli”, “Karvan”, digər klublar üçün də maliyyə önəmlidir. Maliyyə vəziyyəti yaxşı olsa, Birinci Liqadakı hər bir klub Premyer Liqaya uyğun komanda yığa bilər.

- Necə düşünürsən, yeni sezon legioner limitindən sonra "Qarabağ"la başabaş rəqabət apara biləcək komandalar görəcəyik?
- Əlbəttə, istəyərdim ki, “Qarabağ”la rəqabət apara bilən komanda çox olsun. Ancaq təəssüflər olsun ki, neçə illərdir bunu görə bilmirik. Bəlkə də, “Qarabağ” özü də istəyər Premyer Liqada rəqabət yaxşı olsun, çox olsun. Amma buna inanmıram. Düşünürəm ki, yaxın illərdə “Qarabağ”la mübarizə aparan komanda görməyəcəyik. Ümid edirəm ki, bu olacaq. Sadəcə inandırıcı gəlmir. Amma ümid edək də.