Ramin Əhmədov: "Limitin ləğv edilməsi bəlkə də yaxşıdır"
21.01.2025 - 12:47
Ramin Əhmədov: "Limitin ləğv edilməsi bəlkə də yaxşıdır"

Qışda “Şamaxı”dan ayrılan Ramin Əhmədov karyerasını ölkə xaricində davam etdirəcək. Qırğızıstanın “Alay” klubu ilə anlaşan yarımmüdafiəçi apasport.az saytına müsahibə verib və Asiyadakı hədəflərindən söhbət açıb.

- Bir neçə gün idi ki, Qırğızıstandaydın və artıq "Alay"la bir illik müqavilə imzalamısan. Transferin necə reallaşdı?
- Bəli, artıq müqavilə imzalamışıq. Açığı, başqa komandaya keçmək istəyi fikirimdə qətiləşmişdi. Anidən təklif gəldi. Mən də dəyərləndirmək istədim. Legioner həyatı yaşamaq istəyirdim. Şükürlər olsun ki, transfer prosesləri yaxşı keçdi və artıq bunu reallaşdıra bildim. 

- Maraqlıdır, təklif necə gəldi? Qırğızlar sənin haqda məlumatlı idi, yoxsa onlara təklif edilmişdin?
- Azərbaycanlı futbolçu dostum Orxan Əliyev sağ olsun, ona təşəkkür edirəm. Mənə belə variant olduğunu bildirdi. Mən də götür-qoy etdim. Ailəmlə, dostlarımla məsləhətləşdim. Qərar gəldim ki, Qırğızıstana yollanım, bu qərara görə də şadam. Daha sonra videomu göndərdim qırğızlara, onlar da bəyəndilər. 

- Qırğızıstana hansı məqsədlərlə yollanmısan? Yəqin ki, oradan tramplin kimi istifadə etmək istəyəcəksən? Bəs səncə, oradan hansı liqalara keçmək mümkündür?
- Bəli, burada daha çox üzərimdə çalışıb, daha yaxşı tərəfdən göstərib, daha yaxşı liqalara keçmək istəyirəm. Qırğızıstandan daha yaxşı Asiya liqalarına keçmək şansım çoxdur. Ümidvaram ki, hər şey yaxşı alınacaq və istədiklərimi edə biləcəm.

- Ümumiyyətlə, Qırğızıstan futbolu, "Alay"la bağlı hansısa məlumata sahib idin? Orada sənə ayrılan şərait və diqqət necədir?
- Açığı, heç bir məlumatım yox idi. Təklif gəldikdən sonra bir neçə gün araşdırdım. "Alay"ın Oş şəhərində yerləşdiyini gördüm. Bu da Qırğızıstanın paytaxtı Bişkekdən sonra ən yaxşı şəhərlərdən biridir. Şərait baxımından hər şey yaxşıdır. Məşqçilər korpusu da mənə inanır, diqqət göstərirlər. Etimadı doğrultmağa çalışacam.

- Qırğızıstanda daimi oynayaraq milliyə yüksəlməyi real hesab edirsən?
- Hər futbolçu kimi bu, mənim də xəyalımdır. Milli komandada oynayıb, Azərbaycanı təmsil etmək istəyirəm. Hələ çempionat başlamayıb və hansı səviyyədə olduğunu bilmirəm. Fikirləşirəm ki, daha çox inkişaf etməliyəm. Daha yaxşı liqalara gedərək milli komandaya dəvət ala bilərəm. 

- "Şamaxı"dan ayrılmağına səbəb nə olmuşdu? Niyə qalmadın komandada?
- "Şamaxı"dan müqaviləm bitdiyi üçün ayrıldım.

- Azərbaycanda özünə klub tapmamağın nə ilə bağlı idi? Yeni sezondan Azərbaycanda legioner limitinin ləğv ediləcəyi gözlənilir. Səncə, bu, azərbaycanlı futbolçular üçün necə olacaq?
- Premyer Liqa komandalarından təklif yox idi. Burada oynamamağımın da böyük təsiri oldu. Əgər komanda sayı 12 olacaqsa, bəlkə də yaxşıdır. Əgər 10 komanda qalacaqsa, bütün komandalar legioner gətirəcək. Azərbaycanlı futbolçulara şans verilməsə, çox yaxşı yerlərə gələ biləcək gənc futbolçular kənarda qalacaq və "batıb" gedəcək.

0