
“Şamaxı”nın qapıçısı Rikardo Fernandes apasport.az saytına müsahibə verib.
- “Şamaxı” son turda “Turan Tovuz”la heç-heçə etdi. Həmin matç sizin üçün necə keçdi? Arzuladığınız hesab elə heç-heçə idi, yoxsa qalib gəlmək istəyirdiniz?
- Çətin oyun olacağını öncədən bilirdik. Son matçda qırmızı vərəqə aldığına görə hücumçumuz (red. - Mayk Tuik) da bu görüşdə oynamırdı. Buna görə komandanı fərqli oyun tərzinə uyğunlaşdırdıq. Təbii ki, bütün oyunlara qələbə məqsədi ilə çıxırıq.
- Rəqib standart vəziyyətlərdə daha güclüdür. Onlar elə qolu da standart vəziyyətdən vurdular. “Turan Tovuz”un bu hücumlarının qarşısını almaq çox çətindir? Demək olar ki, onlar Premyer Liqanın bu göstəricidə ən təhlükəli komandasıdır?
- Bəli, “Turan Tovuz” oyunun bu nöqtəsində güclü komandadır. Biz də bunu bilirdik. Onlar bu vəziyyətlərdən yaxşı istifadə edərək qol vura bilirlər. Belə də, oldu. Amma bundan da vacibi qol buraxandan dərhal sonra verdiyimiz reaksiya idi.
- Bu matçda əla çıxış etdin, əla seyvlərlə yadda qaldın. Matçın sizin üçün yaxşı keçdiyini deyə bilərik?
- Mən sadəcə komandaya kömək etmək üçün işimi görmüşəm. Bu, ən vacib şeydir.
- “Şamaxı”nı artıq 6-cı pillədən cəmi bir xal ayırır. Yəqin ki, siz bu mövqedən razısınız. Amma mövsümün əvvəlində “Şamaxı”nın Premyer Liqada qala bilməyəcəyini proqnozlaşdıranlar var idi. Hətta 5-ci yerə yüksələ bilərdiniz. Bu, əla nəticə olardı?
- Təbii ki, kağız üzərində daha az şərtləri olan, ən aşağı büdcəli və aşağı diviziondan gələn komanda idik. Amma klub ətrafındakı peşəkarlıq, insanların komandaya olan bağlılığı müsbət nəticələrə gətirib çıxardı. Hamımız bir olduq və indi də belə nəticə var. Təbii ki, qalan görüşlərə də qələbə üçün çıxacağıq. Ümidvaram ki, hər şey uğurlu alınacaq.
- Növbəti turdakı rəqibiniz “Səbail”dir. Demək olar ki, onlar aşağı liqaya düşmək ərəfəsindədirlər. “Səbail”ə qalib gəlmək mümkün olacaq?
- Digər rəqiblərə qarşı necə hazırlaşırıqsa, bu oyuna da elə hazırlaşırıq. Təbii ki, əsas məqsəd qalibiyyətdir. Bizim hələ də nail olmaq istədiyimiz daxili məqsədlərimiz var.
- Bu mövsüm çox yaxşı çıxış etdiniz və Azərbaycanın bir çox klubu səninlə maraqlanırdı. Amma “Şamaxı”da qalmağı seçdin. Başqa kluba gedə bilərdin?
- Düzdür, başqa klublarla bağlı təkliflər, söz-söhbətlər oldu. Amma “Şamaxı”da xoşbəxtəm və klubdakı şəxslər mənim burda qalmağımı nə qədər arzuladıqlarını göstərdilər. Onların məni bu qədər istədiyini, arzuladığını hiss etdiyim üçün danışmağa çox da ehtiyac qalmadı. Ona görə də “Şamaxı”da qalmağa üstünlük verdim.