“Şamaxı”nın qapıçısı Rikardo Fernandeş apasport.az saytına müsahibə verib.
- “Şamaxı" "Turan Tovuz"la matçda yaxşı mübarizə apardı. Amma sonda məğlub oldunuz. Görüşlə bağlı fikrin necədir?
- Biz əla oyun oynadıq. Özü də liqanın ən çətin stadionunda. Çünki atmosfer fərqli idi, tribuna dolu idi. Əsl böyük futbol atmosferi var idi. Amma dediyim kimi, biz xarakter göstərdik, qələbə üçün sona qədər mübarizə apardıq. Təəssüf ki, sonda uduzduq.
- Buraxılan qollar haqda fikrin necədir?
- İki yan xətt atışından sonra iki qol oldu. Həftə ərzində təhlükə barədə xəbərdarlıq edilmişdi. Amma təəssüf ki, bu vəziyyəti həll edə bilmədik. Oyunun mərkəzi yüksəkliklərində iki qol buraxdıq. Amma başımızı qaldırdıq və sona qədər mübarizə apardıq.
- Ot örtüyü məğlubiyyətinizə və ümumiyyətlə, oyuna nə qədər təsir etdi?
- Görüş hər iki komanda üçün eyni şəraitdə gedirdi, çətin idi. Bundan bəhanə kimi istifadə edə bilmərik.
- "Şamaxı" hazırda 9-cu pillədədir. Yəqin ki, sizi razı salan nəticə deyil?
- Daha çoxunu etmişik. Biz daha yaxşı nəticələr əldə etmək istəyirik, çalışırıq. Bu cür tempdə davam etdirsək, turnir cədvəlində daha yaxşı mövqeyə çata biləcəyik.
- "Şamaxı" növbəti turda "İmişli" ilə qarşılaşacaq. Bu matçda qələbə şansınızı necə dəyərləndirirsən?
- Çətin oyun olacaq. Bəlkə də müdafiədə ən kompakt oynayan komandaya qarşı çıxış edəcəyik. Amma hər şeylə mübarizə aparacağıq. Bu oyunda şanslar bərabərdir. Ən yaxşı nəticəni istəyiriksə, oyuna girib hər şeyi göstərməliyik.
- "İmişli" haqda fikrin necədir? Baş məşqçi portuqaliyalı Jorje Kaşkilyadır. Onu əvvəlcədən tanıyırdın? Oynatdığı futbol haqda nə düşünürsən?
- Görürsünüz ki, onlar mütəşəkkil və işlək bir komandadır. Jorje Kaşkilyanın yalnız adı ilə tanıyırdım. Düzünü desəm, onunla qarşılaşıb-qarşılaşmadığımı xatırlamıram.