Samir Abasov: “Artıq adımıza layiq bir şey etmirik”
04.05.2025 - 23:08
Samir Abasov: “Artıq adımıza layiq bir şey etmirik”

Misli Premyer Liqasının XXXIII turunun "Neftçi" - "Kəpəz" matçından (2:0) sonra ev sahiblərinin baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

- Futbolçuların fərdi səhvləri yuxu rejiminizi pozmur? Səhhətiniz necədir? 
- Çalışırıq ki, sakit olaq. Reallıq odur ki, bizim üçün bu mövsüm qatar artıq gedib. Bilirəm ki, mən danışandan sonra vallar başqa yerə çevrilə bilər, danışıqlarımdan istifadə edə bilərlər. Bu səhvlər mütəmadidir, mövsüm ərzində davam edir. Qollar vura bilmirik. Bunun əziyyətini çəkirik. Birinci hissədə bu qədər dominant oynayan komanda görmüsüz? İlk yarıda 10-15 dəfə rəqibin cərimə meydançasının içində olmuşuq. Mərkəz müdafiəçilərimiz də ora kimi gəlib çıxmışdılar. 15 epizoddan birində rəqib qapıçı reaksiya verib top çıxarmırsa, bu da hücumda olan problemlərin sübutudur. Rəqibin hər hücumu təhlükə ilə bitir. Müdafiədə olan problemi də bilirik. Üç oyunumjz qalıb. Futbolçuları həmin matçlara kökləyəcəyik. Bilmirəm nə deyim. Artıq adımıza layiq bir şey etmirik. Xoş hal odur ki, son iki görüşdə məğlub durumda olarlən hesabı bərabərləşdirə bilirik, axıra kimi oynayırıq. 

- Sizcə, növbəti mövsümdə sizə indiki qədər büdcə veriləcək? 
- Çox tezdir. Bilmədiyim bir şey haqda mənə suaı verirsiz. Mövsümün sonunda gələn ilin planlarını müzakirə edəcəyik. Büdcənin nə qədər olacağını bilmirəm. 

- Emin Mahmudovun müqaviləsi 2+1 illik idi. Artıq 2 il bitib. Emin növbəti mövsümdə komandada qalacaq? 
- 1 illik müqaviləsi var. Hələ 3 oyun var. Müqaviləsi olanlar hələ ki, bizimlədir. Amma bu o demık deyil ki, sözləşməsi olanlar mütləq burada qalmalıdır. İnanıram ki, futbolçlarla fikirlərimiz üst-üstə düşəcək.

- "Neftçi"nin kapitanı Rza Cəfərov olsa da, futbolçu ictimaiyyəti Emin Mahmudovu kapitan kimi qəbul edir. Siz ona kapitanlığı niyə qaytara bilmədiz? 
- "Qaytara bilmədiz" ifadəsinin arxasında başqa şeylər var. Sanki kimsə səni nəyəsə məcbur edir və sən də onun dediyini edirsən. Sanki məni yaxşı tanımırsız. Belə bir şey ola bilər? Mən "Neftçi"yə gələn ərəfədə kapitanlıq məsələsi həddindən artıq şişirdilmişdi. Emin Mahmudov, Ramil Şeydayev... Futbolçuların fikrini meydana yönəltmək, bu məsələni sakitləşdirmək üçün Rzanı kapitan təyin etdim. Emin bu mövsüm çox əziyyət çəkdi. Mütəmadi zədələr bizim alışdığımız Emini meydanda görməməyimizə səbəb oldu.

- Ötən tur qolunuz sayılmadı, penaltiniz verilmədi. Bu gün isə Elvin Camalova asanlıqla qırmızı vərəqə göstərildi. Sizcə, hadisələr niyə bu formada cərəyan edir? 
- Buna səbəb var. Amma qərəzlə bağlı olduğunu düşünmürəm. Hansısa hakimin "Neftçi"dən, Samirdən zəhləsi gedir deyə bir şey yoxdur. Yanlış qərarların əziyyətini çəkdim. Bassala Sambunun kubokun yarımfinal oyunlarında olmaması öz təsirni göstərdi.Bugünkü epizodda mənim gördüyüm qədərilə Elvinin ayağı topa dəyir. "Neftçi" haqda çox danışılır. Nəticələrimiz yaxş deyil. Bizim düşdüyümüz situasiya heç kimə bu rahatlığı verməsin. Bunun sonu yaxşı qurtarmayacaq. Lazım olan insanlar masaya yumruğunu vuracaq. Ondan sonra Allah sizi qorusun. "Neftçi" haqda neqativ danışıqlara reaksiya verməməyimizin səbəbi var. Bu da futbolda başımızın aşağı olmasıdır. Nəticələrimiz heç kimə əsas vermir ki, "Neftçi"ni kimlərəsə xoş gəlmək üçün vasitə etsinlər. "Neftçi" bir gün özünə gələcək. Bu, tezliklə baş verəcək.

- Sizin planlarınızla klub rəhbərliyinin planları üst-üstə düşəcək? 
- Yüz faiz əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları anlayırıq, onlar da bizi.