
“Qarabağ”ın sabiq hücumçusu Samir Musayev apasport.az saytına müsahibə verib.
- “Qarabağ” ötən tur 12-ci çempionluğunu rəsmiləşdirdi. Yəqin ki, bu dəfəki çempionluq da sizin üçün gözlənilən oldu?
- Əlbəttə ki, “Qarabağ”ın çempionluğu gözlənilən idi. Onlar mövsümə iki turnirdə mübarizə apararaq başlamışdılar. Avropa Liqasında da oynamaqlarına baxmayaraq, “Qarabağ”ın yenə də çempion olacağı bəlli idi. Sonda da bu baş verdi və vaxtından əvvəl çempionluqlarını rəsmiləşdirdilər.
- “Qarabağ”ın bu sezon Premyer Liqada çətinlik çəkdiyini düşünürsüz? Yoxsa, ən asan çempionluqlarından biri oldu?
- Əslində, çətin və ağır oyunları oldu. Hətta “Qarabağ”ın uduzduğu görüşlər də var idi. Ancaq yenə də çempionluğu qazanmaqda elə də çətinlik çəkmədi. “Zirə”, “Sabah”, “Araz-Naxçıvan”, “Neftçi” rəqabət apardılar. Lakin yenə də “Qarabağ”a rəqabətdə uduzdular.
Allah qoysa, saydığım bu komandalar növbəti mövsümdə güclənərlər. Bax, onda bizi maraqlı liqa gözləyəcək.
- Yeni sezon Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Belədə “Qarabağ”a çempionluq mübarizəsində daha çox çətinlik yaranacağını düşünürsünüz?
- Təbii ki, təsir edəcək. Amma bu komandaların transferlərindən asılı olacaq. Çünki yaxşı futbolçuları gətirmək üçün yaxşı pul xərcləmək lazımdır. Kim keyfiyyətli, səviyyəli futbolçu gətirə bilsə, o da “Qarabağ”la rəqabət apara biləcək. Çünki “Qarabağ”ın Avropa Liqasında qarşılaşdığı rəqiblərin keyfiyyətli, səviyyəli futbolçuları olub. Əgər onlara qarşı mübarizə apara bilirsə, deməli çempionatda çətinlik çəkməyəcək.
- Yeni mövsüm üçün "Qarabağ"ın bir neçə transfer reallaşdıracağı gözlənilir. Hətta Qurban Qurbanov da hər mövqeyə oyunçu transfer edilməsini istədiyini, 6 transferin ola biləcəyini istisna etmədi. "Qarabağ" daha çox hansı mövqeyi gücləndirməlidir?
- Əlbəttə ki, transferlər olmalıdır. Çünki rəqiblər güclənəcək. Üstəlik, “Qarabağ” Çempionlar Liqasında mübarizə aparacaq. Ona görə transferlər vacibdir. Hansı mövqelərə lazım olduğunu isə Qurban Qurbanov daha yaxşı bilir.
- Juninyonun gəlişinə qədər özünü ən yaxşı tərəfdən göstərən, avrokuboklarda "Qarabağ"ın qollarını vuran Redon Cicanın gözdən itməsini nə ilə əlaqələndirirsiniz? "Sabah"la görüşdə pis oynamadı. Ona yenidən şans vermək olar?
- Juninyonun gəlişinən sonra Cicanın kölgədə qalması normaldır. Çünki rəqabətdə ona uduzdu. Hətta deyərdim ki, Cica rəqabətdə Nərimana da uduzur. Bundan sonra necə olacağını deyə bilmərəm. Gələcək hər şeyi göstərəcək.
- “Qarabağ" "Sabah"ı kubokun finalında məğlub edə biləcək? Ağdam təmsilçisi futbolçuları motivasiyada saxlaya biləcək?
- Fikrimcə, “Qarabağ” “qızıl dubl” edəcək. Bunun üçün motivasiyası da var, gücü də. Bu çempionatda “Qarabağ”la rəqabət aparacaq komanda yoxdur. Bu açıq göründü. Amma unutmayaq ki, final bir oyundan ibarətdir və revanşı olmur. Hər iki komanda bunu yaxşı bilir və ona görə oynayacaqlar. Bizi maraqlı matç gözləyir. Bəlkə də bu mövsümün ən maraqlı oyunu olacaq.