“Səbail”in futbolçusu Rüfət Abdullazadənin Türkiyəyə yollanmaq ehtimalının olması barədə xəbər vermişdik.
Apasport.az saytına verilən məlumata görə, “Erzurum” hazırda futbolçunu transfer etmək üçün “Səbail”lə danışıqlar aparır.
Türkiyə klubu onu bu qış heyətinə qatmaqda israrlıdır. Lakin “dənizçilər” Rüfəti elə-belə yerə buraxmaq istəmirlər, onun keçidi üçün “Erzurum”dan transfer məbləği tələb edirlər.
Tərəflər arasında bu yöndə danışıqlar gedir. Türkiyə təmsilçisi "Səbail"in istədiyi məbləği verə bilsə, keçid elə bu qış reallaşacaq.
Qeyd edək ki, 24 yaşlı futbolçunun “Səbail”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2023-cü il iyulun 1-də “Sumqayıt”dan “Səbail”ə keçib.
Əlavə edək ki, “Erzurum” Türkiyə 1-ci liqasında 37 xalla 3-cü pillədədir.