Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
23.11.2022 - 16:48
Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”

“Fransa yığmasının ardıcıl ikinci dəfə dünya çempionluğu heç kim üçün təəccüblü olmayacaq”.

Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın fransalı futbolçusu Abdullah Zubir ölkəsinin təmsilçisinin Qətərdə keçirilən dünya çempionatındakı şanslarını dəyərləndirərkən deyib.

31 yaşlı yarımmüdafiəçi “üçrənglilər”in D qrupunun ilk turunda Avstraliya üzərində 4:1 hesablı qələbəsinə də münasibət bildirib: “Avstraliya ilə oyun Fransa üçün gözlənilməz başladı. Hesabı rəqibin açmasına baxmayaraq, komanda qətiyyən özünü itirmədi, hücumların kəsərini daha da artırdı. Bunun da məntiqi nəticəsi kimi, layiqli qələbə qazandı. Fransa yığması dünən çox yaxşı çıxış etdi”.

Zubirin fikrincə, C qrupunda qərarlaşan Argentina ilə 1/8 finalda qarşılaşmaq ehtimalı onları qorxutmamalıdır: “Argentina ilk oyununda Səudiyyə Ərəbistanına uduzsa da, turnirin favoritlərindən biri olaraq qalır. Həqiqətən də, çox güclü komandadır. Onlara qarşı çıxış etmək asan deyil. Amma Argentinaya qarşı ötən mundialdan xoş xatirələr qalıb. Fransa Rusiyadakı dünya çempionatında da Cənubi Amerika təmsilçisini məğlub edə bilmişdi. Yəni Argentina ilə matçları xatırladıqda daha çox müsbət emosiyalar olur. Üz-üzə gəlsələr, bu dəfə də eyni ssenarinin yaşanması istisna olunmur”.

“Qarabağ”ın hücumameyilli oyunçusu DÇ-2022-nin favoritlərini də açıqlayıb: “Şübhəsiz ki, Fransa favoritlər sırasındadır. Bir çox əsas futbolçusunun zədəli olmasına baxmayaraq, favoritlərdən biri olmaq statusunu qoruyur. Braziliya, Argentina, Almaniya, Portuqaliya kimi güclü komandalar var ki, Fransanı onların sırasında görürəm”.

Qeyd edək ki, Fransa yığması qrupda növbəti oyununu noyabrın 26-da Danimarkaya qarşı keçirəcək.
 

0