Güləşçimiz yarımfinala yüksəlib
18.08.2025 - 17:19
Güləşçimiz yarımfinala yüksəlib

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

Apasport.az xəbər verir ki, mundialın ikinci günündə Azərbaycanın daha 4 sərbəst güləşçisi mübarizəyə qoşulub.

57 kq çəki dərəcəsində Vasif Bağırov braziliyalı Kayo Arona 6:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq o, yarımfinala gedən yolda hindistanlı Sumit Malikə 2:9 hesabıyla məğlub olub.

65 kq çəki dərəcəsində Ağa Qasımov təsnifat mərhələsində rusiyalı Amal Candubayevə (UWW) 0:10 hesabıyla uduzub.

79 kq çəki dərəcəsində Muradxan Omarov debütdə ispaniyalı David Gilə 9:2, rumıniyalı David Tartana tam üstünlüklə (10:0) qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Güləşçimiz bu mərhələdə rusiyalı Səid Saidulova (UWW) 0:10 hesabıyla məğlub olub.

92 kq çəki dərəcəsində Anar Cəfərli ilk mərhələdə türkmənistanlı Orazmuhammet Hocaliyevi 3:2 hesabıyla üstələyib. Həmyerlimiz daha sonra həm belaruslu Aleksey Kulakova (UWW), həm də hindistanlı Saçin Saçinə 10:0 hesabıyla qalib gələrək yarımfinala yüksəlib. Anar finala gedən yolda qazaxıstanlı Kamil Kuruqliyevlə qarşılaşacaq.

Yarımfinallar Bakı vaxtı ilə 18:00-da başlayacaq.

Qeyd edək ki, bu gün həmçinin 2 güləşçimiz - Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medal görüşünə çıxacaq.