Osman Nurmaqomedov: “Onlara qalib gəlməyin yolunu bilirəm”
12.09.2025 - 10:37
Osman Nurmaqomedov: “Onlara qalib gəlməyin yolunu bilirəm”

Sərbəst güləş üzrə milli komandanın üzvü Osman Nurmaqomedov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Apasport.az xəbər verir ki, millimizin üzvü Türkiyədə keçirilən təlim-məşq toplanışını dəyərləndirib. 

– Avqustda Türkiyədə təlimməşq toplanışı keçdinizSon hazırlıq prosesi isə Bakıda baş tutdu. Bununla bağlı nə deyə bilərsən? 
– Türkiyədəki təlim-məşq toplanışı yaxşı keçdi. Hazırlıq prosesində 4-5 komanda iştirak edirdi. Xalça üzərində məşqlərə daha çox yer ayrıldı və səhvlər üstündə işlədik. Bakıdakı təlim-məşq toplanışında isə yoxlama görüşlərinə üstünlük verildi. Zədəsiz başa vurduq. Hər şey yaxşıdır. Uşaqlar da yaxşı formadadırlar.

– Komandada əhval-ruhiyyə necədir? 
– Komandanın əhval-ruhiyəsi yaxşıdır. Yüksək səviyyədə toplanışlar keçdik. Güləşçilərimiz qələbəyə köklənib.

-Yarışa özünü tam hazır sayırsan? 
– Özümü yaxşı hiss edirəm. Hər şey qaydasındadır.

– Bir neçə dəfə dünya və Avropa çempionatının finalında məğlub olmusan. Final sindromu nə ilə bağlıdır? 
– Hamısında qələbəyə çox yaxın olmuşam. Yəqin ki, həmin görüşlərdə çatışmayan idman xoşbəxtliyi olub.

– Əsas rəqiblər kimlərdir? 
– 92 kq-da güclü rəqiblər çoxdur. Zəif-güclü tərəflərini təhlil etmişəm. Onlara qalib gəlməyin yolunu bilirəm.

– Fərdi keyfiyyətlərini yaxşılaşdırmaq üçün hansı detallar üzərində işləyirsən? 
– Parter üzərində çalışmalara, ayaqlarla işləməyə diqqət ayırdıq. Görüş sonluğuna da yer ayırdıq. Bu da yaxşı forma yığmağa imkan verdi.

– Sərbəst güləşdə 8 illik qızıl medal həsrətinə son qoymağa hazırsan? 
– İlk növbədə özümə sübut etmək istəyirəm ki, mən dünya çempionu ola bilərəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

– 92 kq qeyri-olimpiya çəkisi olduğu üçün növbəti Olimpiya Oyunlarında hansı çəkidə güləşməyi planlaşdırırsan? 
– Səhhətim imkan versə və ciddi zədə olmasa, gələcəkdə 97 kq-a keçməyi planlaşdırıram.