Natəvan Qasımova: Tunc Afşarla bir-birimizi dəlicəsinə sevirik
21.08.2010 - 10:05
Natəvan Qasımova: Tunc Afşarla bir-birimizi dəlicəsinə sevirik
“Mən Tunc Afşarla internetdə tanış olmuşam. Bu tanışlıq sonradan sözlə deyilə bilməyəcək bir sevgiyə çevrildi”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının voleybolçusu Natəvan Qasımova deyib.

“Bakı” klubunun vitse-prezidenti, türkiyəli menecer Afşarla evlənməyi qətiləşdirən voleybolçu bildirib ki, bu istəyi valideynləri tərəfindən də müsbət qarşılanıb: “Afşarla bir-birimizi dəlicəsinə sevirik. Mənim bu sevgimə valideynlərimin də cavabı müsbət oldu. Onlar həmişə məni dəstəkləyir və qərarlarıma da hörmətlə yanaşırlar. Tuncla hələ rəsmi nişanlanmasaq da, atam onun ailəsi ilə də tanışdır. Mən də Türkiyədə olarkən onların ailəsində olmuşam və orada çox gözəl qarşılanmışam. Yəni, bu sahədə heç birimizin problemi yoxdur”.

Qasımova və Afşar bu günlərdə rəsmi nişan mərasimi keçirəcəklər. Mərasim Bakıda deyil, Naxçıvanda baş tutacaq: “Sevgilimin ailəsi tezliklə Azərbaycana gələcək. Bundan sonra biz də Afşarla doğulduğum Naxçıvana yollanacağıq. Nişan mərasimi də həmin vaxta təsadüf edəcək”.

Nişanlandıqdan sonra bu il toy etməyi planlaşdıran cütlük bu mərasimi 3 məkanda edə bilər. Qasımovanın sözlərinə görə, türkiyəli menecer ona ürəyi harada istəsə toy edəcək: “Toyumuzun dekabra kimi olması gözlənilir. Məncə, əsas problem zədəmlə bağlıdır. Ayağım nə vaxt sağalarsa, onda da evlənəcəyik. Toyumuzun məkanına gəlincə, bu 3 yerdə olacaq. Tunc da mənə deyib ki, harada istəsən sənin xətrinə orada da toy edəcəyəm. Yəqin ki, bu mərasimlər Bakı, Naxçıvan və Türkiyədə olacaq”.

Voleybolçumuz karyerasını sonacan davam etdirməyi planlaşdırır. Lakin toydan sonra Qasımova Azərbaycanı tərk edə bilər: “Mənim hələ heç bir klubla müqaviləm yoxdur. Ancaq evləndikdən sonra Tunc harada olacaqsa, mən də orada olacağam. Bildiyiniz kimi, Tunc “Bakı” klubundan istefa verib. Bu qəbul olunarsa və o, Azərbaycandan gedərsə, mən də burada qalmayacağam. Ancaq bu hadisə mən müqavilə bağladıqdan sonra baş verərsə, müqavilənin şərtlərini yerinə yetirmək üçün Bakıda qalacağam”.
0