“Bizim təcrübəmiz azdır, onlar isə ilboyu oynayırlar”
21.08.2010 - 23:20
“Bizim təcrübəmiz azdır, onlar isə ilboyu oynayırlar”
“Biz Avropa səviyyəli komanda ilə oynadıq. Rəqibimizin heyətini MBA-da və qitənin aparıcı çempionatlarında mübarizə aparan təcrübəli basketbolçular təşkil edirdi. Səviyyə fərqi özünü göstərdi”. Bu sözləri apasport.az saytına açıqlamasında basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev deyib.

Avropa çempionatının B divizionunun I dövrəsinin son matçında İsveç millisinə 73:101 hesabı ilə uduzan komandamızın çalışdırıcısı məğlubiyyəti təcrübəsizlizliklə əsaslandırıb: “Oyun təcrübəmiz çox azdir. İsveçlilər ilboyu oynayırlar. Kanada, Litva və digər ölkələrin aparıcı komandalarında forma geyinirlər. Yığmamızın isə tam heyəti oyunların başlamasına bir neçə gün qalmış müəyyənləşdi. İlk 3 oyundan sonra basketbolçularda yorğunluq da hiss olunurdu. Bütün bunların nəticəsi görüşə öz təsirini göstərdi və məğlubiyyətdən qaça bilmədik”.

İlk dövrənin son oyunda xal itirən yığmamızın baş məşqçisi bildirib ki, II dövrəyə daha ciddi hazırlaşaraq, uğurlu çıxışı məntiqli sonluqla başa çatdıracaqlar: “Növbəti oyunlar öncəsi hazırlığa daha tez başlayacağıq. Düzdür, bu dəfə də təlim-məşqə bir neçə ay əvvəl start vermişdik. Lakin aparıcı basketbolçularımız Rasim Başak və Çarlz Devisin düşərgəmizə gec gəlməsi sözünü dedi. Fikrimcə, II dövrədə də bu oyunçular bizə kömək edəcək və uğurlu çıxışımızı davam etdirəcəyik”.

Qeyd edək ki, Avropa çempionatının ilk dövrəsindən sonra komandamızın aktivində 7 xalı var və lider İsveçdən 1 xal geri qalır.
0