Azərbaycan yığması niyə uduzdu?
21.08.2010 - 23:29
Azərbaycan yığması niyə uduzdu?
“İlk dövrəni Azərbaycan yığması üçün uğurlu saymaq olar”. Bu sözləri apasport.az saytına açıqlamasında basketbol üzrə kişilərdən ibarət milli komandamızın meneceri Levent Türknas deyib.

Türkiyəli sabiq basketbolçu keçirdiyimiz 4 oyundan sonra rəqiblərimiz arasında İsveçi daha güclü komanda sayır. Onun sözlərinə görə, Albaniya, Rumıniya və Belarus yığmaları ilə müqayisədə skandinaviyalılar tam fərqli oyun nümayiş etdirirlər.

I dövrənin son görüşündə İsveçə uduzan yığmamızın meneceri Türknas bildirib ki, komandamız arxayınçılığın və fiziki cəhətdən zəif olmasının qurbana çevrilib: “İsveç millisi çox güclüdür. Onlar 2 il öncə A seriyasını tərk ediblər. Güclülər dəstəsində mübarizə aparan vaxt isə Türkiyə komandasına hər iki matçda qalib gəliblər. İlk 3 oyunda meydanı qalibiyyətlə tərk edən basketbolçularımız bu dəfə təcrübəli rəqiblə qarşılaşdı və 4-cü qələbəni də qazana bilərdi. Lakin komandamızda bir qədər arxayınçılıq var idi. Onları toparlamağa çalışsaq da alınmadı. Yəni oyun gözləmədiyimiz sonluqla başa çatdı. Bütün bunlara baxmayaraq, şanslarımızı itirməmişik. II dövrədə 2 və ya 3 qələbə qazanaraq ilk 2 pillədə qərarlaşa bilərik. Bunun üçün lazımı işlərə başlayacağıq. Məğlubiyyətimizdə fiziki cəhətdən tam hazır olmamağımız da mühüm rol oynadı. Lakin bütün bu problemləri aradan qaldırmağa çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında yalnız İsveçə məğlub olub (73:101).
0