“İqtisadçı” 4 bombanı birdən partlatdı
27.08.2010 - 14:04
“İqtisadçı” 4 bombanı birdən partlatdı
“İqtisadçı” klubu daha 4 voleybolçunun keçidini rəsmiləşdirib. Bu barədə apasport.az saytına hazırda Türkiyədə olan komandanın meneceri Seymur Orucov verib.

Belə ki, Azərbaycanı növbəti mövsüm “Çelenc Cup”da təmsil edəcək Super Liqanın bürünc mükafatçısı hollandiyalı Alisa Blom, yaponiyalı Yuko Sano və amerikalı Tayibu Xaneef-Parkla 1 illik müqavilə imzalayıb. Bundan əlavə, “İqtisadçı” almaniyalı Katlin Ueisslə də müqaviləni rəsmiləşdirilib.

Bununla, Blom, Sano və Ueiss Azərbaycan çempionatında ölkələrinin ilk təmsilçiləri olacaq.

Orucov bildirib ki, komanda bu voleybolçularla kifayətlənməyəcək və 3 yeni transfer həyata keçirməyi də planlaşdırır: “Komandamızı növbəti mövsümdə qitənin güclülərindən birinə çevirmək istəyirik. Bunun üçün qarşımıza qoyduğumuz məqsədlərə çatmağı planlaşdırırıq. Yeni müqavilə bağladığımız 4 voleybolçunun hər biri ölkəsinin yığma komandasının şərəfini qoruyur. Lakin onlarla kifayətlənməyib daha 3 voleybolçu da transfer edəcəyik. Onlar Serbiya və Belarusu təmsil edirlər. Artıq danışıqlar yekunlaşmaq üzrədir”.

“İqtisadçı”nın az öncə müqavilə bağladığı Tailand yığmasının liberosu Vanna Buakava isə ailə problemi səbəbindən Azərbaycana gəlməyəcək. “Buakava ötən mövsüm də heyətimizdə çıxış edib. Lakin bu il onun ailə problemi ortaya çıxdığı üçün komandamızda oynamayacaq. Onun əvəzinə Yuko Sano uğur qazanmağımızda yardımçı olacaq” – deyə Orucov bildirib.

Qeyd edək ki, “İqtisadçı”nın yeni transferi Tayibu Xaneef-Park “Lokomotiv”lə danışıqlar aparsa da, sonda bu komandaya keçidi baş tutmayıb.
0