ABŞ “12 dev adam”dan çempionluq və lisenziyanı aldı
13.09.2010 - 09:57
ABŞ “12 dev adam”dan çempionluq və lisenziyanı aldı
Basketbol üzrə kişilər arasında Türkiyədə keçirilən dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, mundialın qalibi adına finalda Türkiyə yığması üzərində 81:64 hesabı ilə qələbə qazanan ABŞ milli komandası layiq görülüb.

16 illik fasilədən sonra yenidən dünya çempionu tituluna yiyələnən amerikalılar yarışın tarixində qızıl medallarının sayını 4-ə çatdıraraq keçmiş SSRİ və Yuqoslaviya yığmalarını geridə qoyublar. Vahid liderə çevrilən ABŞ basketbolçuları ümumi medalların sayına görə də birincidirlər. Onların aktivində 4 qızıl medalla bərabər, 3 gümüş və 4 bürünc medal da var.

ABŞ-a finalda məğlub olan Türkiyə yığması isə tarixi uğuruna imza atıb. Dünya çempionatları tarixində ən yaxşı nəticəsi 6-cı yer olan (2006-cı il, Yaponiya) “12 dev adam” mundialda ilk titullarını qazanıblar. Onlar fəxri kürsünün ikinci pilləsinə qalxıblar.

“Ay-ulduzlular” kimi Litva basketbolçuları da ilk medal sevinclərini Türkiyədə təşkil edilən dünya çempionatında yaşayıblar. 3-cü yer uğrunda görüşdə Serbiya yığmasına 99:88 hesabı ilə qalib gələn litvalılar bürünc medal qazanıblar.

Qeyd edək ki, ABŞ yığması qızıl medal qazanmaqla bərabər, London-2012-yə lisenziyaya da sahib olublar.
0