Vaqner Azərbaycan çempionundan danışdı
15.09.2010 - 09:43
Vaqner Azərbaycan çempionundan danışdı
Voleybol üzrə qadınlar arasında Çempionlar Liqasında “Rabitə”nin rəqibi “Aluprof” hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisi ilk təlim-məşq toplanışını vətənində keçəcək.

Komandaya əsasən yerli voleybolçuları cəlb edən klub rəhbərliyi bunu ÇL-də uğurlu çıxışa hesablayıb. “Aluprof”un baş məşqçisi Qrzeqorz Vaqner bildirib ki, qitənin ən mötəbər klub yarışında güclü qrupda yer alsalar da sona kimi mübarizə aparacaqlar: “Biz çox güclü qrupda yer almışıq. Burada Avropanın güclü komandaları qərarlaşıblar. Lakin sona qədər irəliləməyi planlaşdırırıq. Rəqiblərimizdən isə “Skavaloni”ni favorit sayıram. Çünki İtaliya təmsilçisinin bu yarışlarda kifayət qədər təcrübəsi var. Heyətini gücləndirən və qitənin aparıcı oyunçularını transfer edən Azərbaycan çempionu “Rabitə”dən sürpriz gözləməyə dəyər. Onlar hazırda çox gözəl kollektiv qurublar. Buxarestin “Dinamo Romprest” klubu isə öz növbəsini gözləyir. Bir neçə dəfə analoji yarışda qüvvəsini sınayan rumınlar da növbəti mərhələ arzusundadırlar”.

Qeyd edək ki, “Rabitə” Polşa “Aluprof”unu dekabrda sınağa çəkəcək.
0