Ölkə çempionatının bürünc mükafatçısı 6 nəfərlə hazırlıq keçir
15.09.2010 - 17:36
Ölkə çempionatının bürünc mükafatçısı 6 nəfərlə hazırlıq keçir
Azərbaycanı “Çelenc Cup”da təmsil edəcək “İqtisadçı” voleybol klubu hazırlıqlara start verib. Apasport.az saytının məlumatına görə, ölkə çempionatının bürünc mükafatçısı Rəşad Yazıçıoğullarının rəhbərliyi altında ilk məşqinə Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında çıxıb.

Hazırlıqda ilkin olaraq 6 voleybolçu - Elina Abbasova, venesuelalı Aleoskar Ruset Blanko, argentinalı Yael Kastilyon, ispaniyalı Mariya Fernandez, amerikalı Kelli Vink və türkiyəli Filiz Özgür iştirak ediblər. Finlandiya milli komandasının heyətində Avropa çempionatının pley-off mərhələsində yığmasının şərəfini qoruyan Riikko Lehtonen isə Azərbaycana bu gün gələcək və sabahdan məşqlərə start verəcək. ABŞ millisinin heyətində dünya çempionatının və Pekin-2008-in gümüş mükafatına sahib olan Tayibu Xaneef-Parkın gəlişi isə ailə problemlərinə görə ləngiyir. Onun yaxın günlərdə Bakıda olması gözlənilir.

Qeyd edək ki, “İqtisadçı” digər üzvləri Yuko Sano (Yaponiya), Alisa Blom (Hollandiya) və Katlin Ueiss (Almaniya) isə milli komandaları ilə birgə dünya çempionatına hazırlaşdıqlarından, paytaxt klubuna mundialdan sonra qoşulacaqlar.
0