Dünya çempionatının gümüş mükafatçısı Bakıya gəlir - FOTO
21.09.2010 - 09:43
Dünya çempionatının gümüş mükafatçısı Bakıya gəlir - FOTO
Paytaxtın “Lokomotiv” klubu növbəti mövsümə hazırlığı davam etdirir. Apasport.az saytının məlumatına görə, Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında olan Super Liqanın gümüş mükafatçısı heyətinə yeni voleybolçu qatıb.

“Dəmiryolçular” ABŞ yığmasının üzvü Nansi Metkalfın transferini reallaşdırıblar. Aleksandr Çervyakovun komandası onunla 1 illik müqavilə imzalayıb. 1978-ci ildə anadan olan voleybolçu 186 sm boya malikdir.

2000-ci ildən ABŞ yığmasının şərəfini qoruyan Metkalf bu komanda ilə dünya çempionatının gümüş (2002), dünya Qran-Prisinin (2003, 2004) və dünya kubokunun bürünc medallarına sahib olub. Panamerika kubokunun qalibi (2003) və üçüncüsü (2010) adını qazanıb. Karyerası ərzində “İndias Mayaguez” (Puerto-Riko, 2002-2003), “Peruca” (İtaliya, 2003-2004), “Əczaçıbaşı” (Türkiyə, 2004-2005, 2007-2009), “Mursiya” (İspaniya, 2006-2007), “Minas” (Braziliya, 2009-2010) və “Kriollas de Kaguas” (Puerto-Riko, 2010) klublarında çıxış edib. Klub karyerasında Türkiyə, İspaniya çempionatının və kubokunun qalibi adını qazanıb. Onun Avropada ən böyük uğuru 2007-ci ilə təsadüf edib. Amerikalı voleybolçu “Mursiya”nın heyətində “Top-komandalar” kubokuna sahib olub.

Qeyd edək ki, Metkalfın “Lokomotiv”ə transferindən sonra Azərbaycanda oynayan amerikalı voleybolçuların sayı 8-ə çatıb.
0