Yığmamız üçün gözəl şans
22.09.2010 - 13:55
Yığmamız üçün gözəl şans
Voleybol üzrə dünya Qran-Pri yarışlarında Avropanı təmsil edəcək komandaların sayı artırılıb. Apasport.az saytının məlumatına görə, bunu Kalyaridə keçirilən qadınlar arasında Qran-Pri turnirinin Avropa seçmə mərhələsini izləməyə gələn Avropa Voleybol Konfederasiyasının prezidenti Andre Mayer bildirib.

Onun sözlərinə görə, 2011-ci ildə keçiriləcək bu mötəbər turnirin son mərhələsində “köhnə qitə”ni 4 deyil, 5 komanda təmsil edəcək. Beynəlxalq Voleybol Federasiyasından (FİVB) bu xoş xəbəri gətirən Mayer bunun Avropa ölkələrində voleybolun inkişafına təkan verəcəyini vurğulayıb.

Gələn il keçiriləcək dünya Qran-Prisində Serbiya Avropa Liqasının qalibi kimi, Polşa isə “wild card”la iştirak edəcək. Yeni reqlamentə görə, seçmə mərhələdə ilk üçlükdə qərarlaşacaq komandalar da bu hüquqa yiyələnəcəklər. Növbəti illərdə bu say artımı Faiq Qarayevin yetirmələrinin də dünya Qran-Prisinə yolunu aça bilər.

Qeyd edək ki, son analoji yarışda Avropadan İtaliya, Almaniya, Hollandiya və Polşa milliləri mübarizə aparmışdı.
0