Paytaxt klubunun üzvü İtaliyada ən yaxşılar sırasında
23.09.2010 - 09:48
Paytaxt klubunun üzvü İtaliyada ən yaxşılar sırasında
Voleybol üzrə qadınlar arasında dünya Qran-Prisinin Avropa təsnifat mərhələsinin oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, İtaliyanın Kalyari şəhərində keçirilən yarışda “İqtisadçı”nın voleybolçusu Katlin Ueissin şərəfini qoruduğu Almaniya yığması turnirin qalibi adını qazanıb.

Ueiss özü isə sonda seçilən ən yaxşılar sırasında yer alıb. Super Liqanın bürünc mükafatçısının üzvü topu oyuna daxil edən voleybolçular arasında birinci olub. Rəşad Yazıçıoğullarının rəhbərliyi altında oynayacaq hollandiyalı Alisa Blomun komandası isə Qran-Pri turnirinin uğursuzları arasında yer alıb. 6 yığmanın mübarizə apardığı turnirdə “narıncılar” 5-ci olublar.

Azərbaycan çempionu “Rabitə”nin üzvü Diana Nenova və gümüş mükafatçı “Lokomotiv”in voleybolçusu Mariya Filipova isə vətənlərinə seçmə mərhələnin sonuncusu kimi qayıdıb. Onların heyətində yer aldığı Bolqarıstan milli komandası yalnız 1 oyunda qələbə qazanaraq 6-cı yeri tutub.

Qeyd edək ki, yarışda ilk üçlükdə qərarlaşan Almaniya, Rusiya və İtaliya 2011-ci ildə keçiriləcək dünya Qran-Prisinin final mərhələsinə yüksəliblər.
0